...

Prezident tikinti sahəsində qanunvericiliyin pozulmasına görə cəzaların sərtləşdirilməsi ilə bağlı Milli Məclisə müraciət edib

Cəmiyyət Materials 18 Sentyabr 2007 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan prezidenti Milli Məclisə "Tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə mülki və cinayət qanunverciliyinə əlavə və dəyişikliklərin edilməsi haqqında" qanun layihəsi təqdim edib.

Rəsmi mətbuatın verdiyi məlumata görə, Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, tikinti işlərində təhlükəsizlik qaydalarının pozulmasına və özbaşına tikinti işlərinin aparılmasına görə məsuliyyət nəzərdə tutan mövcud maddələrin məzmununda dəyişikliklər edilir, maddələrin sanksiyaları gücləndirilir. Bu əməllər insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda, nəticəsindən asılı olmayaraq, məsuliyyətə səbəb olur.

Məcəlləyə bir sıra maddələrin əlavə edilməsi də təklif olunur. Bu maddələr müəyyən edilmiş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarını qərəzli olaraq icra etməməyə, vəzifəli şəxslər tərəfindən tikinti və ya quraşdırma işlərinin aparılmasına qanunsuz icazələrin verilməsinə, habelə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin vəzifəli şəxslər tərəfindən qarşısının alınmamasına görə məsuliyyət nəzərdə tutur. Eyni zamanda, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan, yaxud şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların sökülməsi qaydasının müəyyən edilməsi məqsədi ilə Mülki Məcəlləyə müvafiq dəyişikliklər olunacaq.

Xəbər lenti

Xəbər lenti