Azərbaycan, Bakı, 21 sentyabr / "TrendLife" , müxbir Şahin Cavadsoy/ Əminik ki, "Vur çatlasın" adıyla maqazin proqramları cərgəsinə qoşulan əyləncəli verilişə bir çoxlarınız "Lider TV"də tamaşa etmisiz. Proqramın iki buraxılışının aparıcısı kimi tamaşaçılar qarşısına çıxan müğənni Lalə Məmmədovanın aparıcı kimi çıxış etməsi heç də bütün tamaşaçılar tərəfindən birmənalı qarşılanmır. Bəziləri onu aparıcı qismində bəyənsə də, yeni mövqeyi ilə barışmayanlar da azlıq təşkil etmir. Bəs görəsən xanım Məmmədovanın özü nə fikirləşir? Aparıcılıq peşəsini müğənniliklə həmişəlik dəyişməyi düşünmür ki? Səhnə səsgücləndiricilərini telekanal mikrofonuna dəyişmək sevdası ürəyində illərdən bəri gizlətdiyi arzulardan xəbər vermir ki? Bu və digər sualları cavablandırması üçün müğənni ilə görüşdük. O da böyük məmnuniyyətlə həm aparıcılığı, həm yenilikləri, həm də bəzi qalmaqallarla bağlı bütün fikirlərini eksklüziv olaraq "TrendLife"la bölüşdü:
- Təbrik edirik, Lalə xanım, artıq sizi aparıcı kimi də gördük. Maraqlıdır, müğənni olmaq çətindir, yoxsa aparıcı?
- Hər bir işin çətinliyi var. O cümlədən aparıcılığın.Yəqin ki, bu sahədə də püxtələşmək lazımdır. İndiyə kimi müğənniliklə məşğul olmuşam. Düzdür, çətinliyim o qədər də olmayıb. Məncə aparıcı kimi hansısa uğura imza atmağım, sırf müəllim olmağımla bağlıdır. Çünki Milli Konservatoriyada bir müəllim kimi hər gün auditoriyaya girirəm.
- Bəs "Vur çatlasın"da görünməyiniz niyə davamlı olmadı?
- Bu əslində bu bir eksperiment idi. Ancaq prodakşının rəhbərliyi tərəfindən aparıcı kimi çıxış etməyim bəyənilib. Ola bilsin ki, yaxın günlərdə yenidən öz missiyamı davam etdirəcəm.
- Lalə xanım, son günlər səs-sorağınız tez-tez yaxın, uzaq xaricdən eşidilir. Sirr deyilsə, bu dəfə hara qastrol səfərinə yollanacaqsız?
- Bəli düz deyirsiz, işlərimiz həqiqətən çoxdur. Noyabr ayında yeni bir səfərimiz gözlənilir. Amma öncədən geniş məlumat verməyi lazım bilmirəm. Yəqin ki, səfərimiz tam reallaşanda bu barədə məlumat verərəm. Bir də Ramazan ayından sonra - yəni oktyabr ayında demək olar ki, hər gün toylarda-el şənliklərində olacam.(gülüşünü gizlədə bilmir)
- Demək çəkinmədən toy müğənnisi olduğunuzu bəyan edirsiz?
- Əlbəttə. Sağ olsun pərəstişkarlarım. Əgər xoş günlərində məni görmək istəyirlərsə, nə üçün onların bu arzularına hörmətlə yanaşmayım? Bilirsiz ki, toyda oxumaq həm maddi baxımdan, həm də bir məktəb kimi müğənniyə çox gərəklidir. Baxmayaraq ki, illərdir el şənliklərində oxuyuram. Sadəcə, dinləyicilərim məni efirdə başqa repertuarda gördüklərindən, ağıllarına gətirmirlər ki, mən layiqli toy oxuyan müğənnilərdənəm.
- Sizi qalmaqallara sürükləmək də deyəsən çox müşküldür?
- Yox, olanda olur. Axı, mən hamının xoşuna gələ bilmərəm. Bu normal bir şeydir. Ola bilər ki, sənətçi kimi kimlərisə qıcıqlandıra da bilərəm. Və ya əksinə, xoşuna gələ bilərəm. Hər halda xoşbəxt sənətçiyəm ki, sevgiylə bərabər, hörmət də görmüşəm. İstəyirəm ki, pərəstişkarlarımın bu hörmətini həmişə doğruldum.
- Əməkdar artist Aygün Kazımova ilə aranızda baş verən insident deyəsən yeni müstəviyə keçir. Deyilənə görə, Aygün xanım da repertuarınızın şah əsəri kimi qiymətləndirilən "Məktəb illəri" bəstəsini oxumaq sevdasına düşüb. Ümumiyyətlə, aranızdakı münasibət nə yerdədir?
- Mahnı məsələsini dəqiq bilmədiyimdən ətraflı danışa bilmərəm. Amma o ki, qaldı Aygün xanımın hələ də məndən incik qalmasına, bu barədə sadəcə onu deyə bilərəm - Aygün xanım tənqidlə təhqiri səhv salmışdı. Bayaq nahaqdan qeyd etmədim ki, mən hamının xoşuna gələ bilmərəm. O xanıma bir sənətçi kimi hörmətim yenə də var. Ən azından o, illərini bu sənətə vermiş müğənnilərdəndir. Bu, tək mənim fikrim deyil, lakin son vaxtlar oxuduğu mahnılarda səviyyə o qədər də ürəkaçan deyil. Hər halda Vaqif Gərayzadə səviyyəsindən bu qədər aşağı enməyi ona yaraşdırmıram. Onun mənim şəxsiyyətimə toxunacaq sözlər deməsinə gəlincə isə bunlar da əsla məni narahat etmir. Çünki barəmdə o sözləri dahi bir insan demiş olsaydı, yəqin ki, mən ondan nəticə çıxarardım. Özünü tərif çıxsa da, deməliyəm ki, iki ali təhsilə yiyələnmiş bir insanam, dissertasiya üzərində işləyirəm, ən əsası isə azərbaycanlı qadınıyam...