Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Bakının "Neapol" İstirahət Mərkəzində iki nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən bina uçqunu ilə bağlı cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Abşeron rayon prokurorunun köməkçisi Tofiq Ağacanov çərşənbə axşamı Trend ə bildirib ki, istintaq materialları Abşeron rayon məhkəməsinin icraaatına verilib.
Avqustun 14-də saat 17 radələrində Bakı-Sumqayıt şossesinin 14-cü kilometrliyinin şərq istiqamətində "Neapol" otelinin yaxınlığında tikilməkdə olan ticarət obyektinin binası uçub.
Uçqun zamanı tikintidə fəhlə işləyən Rafiq Məmmədov və Rauf Abdullayev uçqunun altında qalaraq ölüb, Sərdar Şərifov, Rasim Məmmədov, Vüsal Əliyev və Vadim Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma (222.2-ci) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq müəyyən edib ki, qeyd edilən ünvanda Abşeron rayon İcra Hakimiyyətinin 29.03.2007-ci il tarixli sərəncamı ilə fiziki şəxs Şükür Əhmədova ayrılmış torpaq sahəsində iki mərtəbəli ticarət obyektinin tikintisinə icazə verilib və sonuncuya həmin sərəncamla tikiləcək ticarət obyektinin layihə-smeta sənədlərinin müvafiq aidiyyəti orqanlarla razılaşdırılması, eləcə də tikinti quraşdırma işlərinin Azərbaycan Respublikasının müvafiq qanunlarına və normativ sənədlərinə uyğun aparılması həvalə edilib. Lakin Əhmədov qanunun tələblərini kobud şəkildə pozaraq ticarət obyektinin işçi layihəsini müvafiq qaydada Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Baş Ekspertiza İdarəsi ilə razılaşdırılıb rəy almadan, qanunvericiliklə nəzərdə tutulduğu qaydada tikintiyə cəlb etdiyi fəhlələrin sağlam və təhlükəsiz əmək şəraitini təmin etməli olduğu halda onlarla əmək müqavilələri bağlamadan, texniki təhlükəsizlik qaydalarına dair təlimatlar keçmədən və xüsusi qoruyucu vasitələrlə təchiz etmədən tikinti işlərinə başlayıb. Tikinti işlərinin maliyyələşdirilməsi və ona rəhbərlik edilməsi, işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının təmin edilməsi vəzifəsini daşıyan obyektin sahibi Şükür Əhmədov və iş icraçısı "Şən" MMC-nin baş mühəndisi Şamil Alıyev tərəfindən mövcud olan norma və qaydalar kobud şəkildə pozularaq tikinti aparılıb və nəticədə məlum qəza baş verib.
Araşdırma zamanı Şükür Əhmədovun eyni zamanda "Şən" MMC-nin rəsmi olaraq təsisçisi kimi qeydiyyatda olması, Neapol otelinin isə həmin cəmiyyətin nəzdində fəaliyyət göstərməsi müəyyən olunub. Törətdiyi əməllərinə görə Şükür Əhmədov və Şamil Alıyevə CM-nin 222.2-ci maddəsi ilə ittiham elan olunaraq barələrində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbri seçilib.