...

ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin terrorçuluqda ittiham olunaraq məhkum olunmasını pisləyib

Cəmiyyət Materials 2 Noyabr 2007 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Tom Keysi bəyan edib ki, ABŞ Dövlət Departamenti Azərbaycanın müstəqil jurnalisti Eynulla Fətullayevin terrorçuluqda ittiham olunaraq məhkum olunmasından narahatdır.

Azərbaycanın Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsi "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" müstəqil qəzetlərinin baş redaktoru Fətullayevi terrorizm təhlükəsi, millətlərarası ədavət yaratmaqda və vergidən yayınmaqda müqəssir bilərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

"Terrorizmdə ittiham olunaraq 8,5 il müddətinə məhkum etmə tənqidi susdurmaq və söz azadlığını boğmaq cəhdidir" - deyə Keysinin cümə günü ABŞ Dövlət Departamenti tərəfindən yayılan məlumatında bildirilir.

Keysi bildirib ki, azad mətbuat və fəal vətəndaş cəmiyyəti istənilən demokratiyanın əsas elementidir və vətəndaşların əsas hüquqlarının müdafiəsi üçün vacibdir. "Cənab Fətullayevin anti-terror qanunlarına uyğun olaraq məhkum edilməsi söz azadlığına təhlükə yaradır və Azərbaycan hökumətinin ölkədə demokratiyanı inkişaf etdirmək səylərinə ziddir" - deyə Keysi bildirib. "Biz Azərbaycan hökumətindən azad mətbuatın hüquqlarına hörmət etməyi və Azərbaycanda müstəqil mətbuatın inkişafını dəstəkləməyi xahiş edirik".

Fətullayev Azərbaycanın müstəqil KİV-nin böhtan və digər maddələrə uyğun olaraq dəmir barmaqlıqlar arxasına salınan səkkizinci nümayəndəsidir.

Xəbər lenti

Xəbər lenti