...

Ermənilərin girov götürdüyü Azərbaycan vətəndaşı ailəsinə məktub göndərib

Cəmiyyət Materials 15 Noyabr 2007 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Ermənistan hərbçilərinin girov götürdüyü Qazax rayon sakininin yazdığı məktub ailəsinə çatdırılıb.

Məsim Elxan oğlu Binnətovun bacısı Aybəniz Binnətova cümə axşamı Trend ə bildirib ki, qardaşı məktubda Ermənistanda olduğunu bildirib və ailə üzvlərinə salam göndərib, yaş yarımlıq qızı Mehriban və 15 günlük oğlu Elxandan muğayat olmalarını xahiş edib.

Qazax rayonu II Şıxlı kənd sakini, 33 yaşlı Binnətov noyabrın 5-də gecə saatlarında yaşadığı mənzildən girov götürülüb.

Binnətova bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Binnətovun sağlamlığına təminat versə də, onun qaytarılmasına zəmanət verməyib. "Qırmızı Xaçın nümayəndələri dedi ki, qardaşınızın sağlamlığına təminat verə bilərik, onu incitməyəcəklər, başından bir tük də əskik olmayacaq. Amma qaytarılmasına söz vermirik. Dedilər ki, bu işi dövlət həll etməlidi" - deyə Binnətova bildirib.

Binnətova deyib ki, ailəsi qardaşına cavab məktubu yazıb. Komitə yaxın vaxtlarda məktubun Binnətova çatdırılacağına söz verib. 

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, BQXK-nın Ermənistan nümayəndəliyinin əməkdaşları Binnətova baş çəkiblər. Onun sağlıq durumu və saxlanma şəraitinin normal olduğu bildirilir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından isə bildirilib ki, olayla bağlı müvafiq araşdırmalar aparılır, Binnətovun vətənə qaytarılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Hazırda Ermənistanda Azərbaycan Ordusunun bir əsgəri əsirlikdə, bir mülki şəxsi isə girovluqdadır.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, kiçik çavuş Samir Məmmədov ötən il dekabrın 24-də ermənilər tərəfindən əsir götürülüb. Qazax rayonundakı N saylı hərbi hissənin əsgəri, Bərdə rayon hərbi komissarlığından hərbi xidmətə çağrılan Məmmədov hərbi hissədən 15 kilometr aralıda, Qazax-İcevan sərhədində ermənilər tərəfindən əsir götürülüb.

Bu il avqustun 2-də isə 1978-ci il təvəllüdlü, mülki şəxs Anar Əliyev cəbhə xəttində ermənilər tərəfindən girov götürülüb. Onun ruhi xəstə olduğu bildirilir.

Onların qaytarılması üçün Ermənistanın müvafiq Dövlət Komissiyasına və Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidentinə müraciət olunub.

Xəbər lenti

Xəbər lenti