...

Azərbaycanda əsir və girovlarla bağlı ilk vebsayt açılıb

Cəmiyyət Materials 21 Noyabr 2007 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda əsir və girovlarla bağlı ilk vebsayt açılıb. Çərşənbə günü Azərbaycan Milli Elmlər Akademiyasında saytın təqdimat mərasimi keçirilib.

"Həsrət yolu" Əsir və Girovlara Kömək İctimai Birliyi tərəfindən hazırlanmış www.hesretyolu.az saytında əsir və girovlarla bağlı statistik məlumatlar, mətbuatda bu sahədə dərc olunmuş yazılar, əsir və girovların şəkilləri, əsir və girovların saxlandığı məntəqələr barədə məlumatlar toplanıb.

Tədbir iştirakçıları qeyd edib ki, Ermənistanda əsir və girovların problemi ilə məşğul olan 150 qeyri-hökumət təşkilatının, 500-ə yaxın internet sayt olduğu halda, Azərbaycanda əsir və girovlarla işləyən bir qeyri-hökumət təşkilatı fəaliyyət göstərir.

"Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyi 2005-ci il iyulun 1- də təsis olunub. 301 üzvü olan Birliyin 17 rayonda, həmçinin, Qazaxıstanda və ahısha türkləri üzrə şöbələri də fəaliyyət göstərir. Hazırda Ukrayna, Türkiyə və İngiltərədə ictimai birliyin şöbələrinin yaradılması istiqamətində iş aparılır.

"Həsrət yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin rəhbəri Esmira Orucova cəmiyyətdə girovluqdan qayıdan qadınlara qarşı mənfi münasibətdən narahatlıq bildirib. Onun sözlərinə görə, girovluqdan qayıdan qadınlar çoxsaylı problemlərlə üzləşirlər. Bu qadınlara kömək məqsədilə İctimai Birliyin nəzadində Bakı və Bakıətrafı kəndlərdə məskunlaşmış girovluqdan qayıdan qadınlar üçün pulsuz hüquq məsləhətxanası açılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının baş katibi Şain Sailov çıxışında beynəlxalq təşkilatları Azərbaycana qarşı ikili siyasət aparmaqda ittiham edib. Bildirib ki, əsir və girovluqda olanların ailələri, valideynlərinin beynəlxalq təşkilatlara ünvanladıqları müraciətlərə reaksiya verilmədiyi halda, 5-6 eməni qadının ünvanladığı müraciətlə ciddi reaksiya verilir. O, bu sahədə təbliğatın gücləndirilməsini, bu problemlə məşğul olan qeyri-hökumət təşkilatlarının fəaliyyətinin gücləndirilməsini vacib sayıb.

Xəbər lenti

Xəbər lenti