...

Şübhəli və təqsirləndirilən şəxslərin hüquqlarını qoruyacaq yeni qanun layihəsi hazırlanıb

Cəmiyyət Materials 6 Dekabr 2007 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ "Həbs yerlərində saxlanılan şübhəli və təqsirləndirilən şəxslərin hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi ikinci oxunuşa çıxarılacaq. Bu barədə cümə axşamı "Avropa Penitensiar Qaydaları və Həbsxana İdarəçiliyi" mövzusunda keçirilən seminarda Penitensiar Xidmətin Təftiş-Nəzarət İdarəsinin rəisi Musa Hümbətov məlumat verib.

Hümbətov bildirib ki, qanun layihəsi şübhəli sayılan və təqsirləndirilən şəxslərin hüquqlarının qorunması üçün yeni təminatlar nəzrdə tutub. Layihə yaxın gələcəkdə Milli Məclisdə yenidən müzakirəyə çıxarılacaq.

Azərbaycanın cəza qanunvericiliyi barədə məlumat verən Hümbətov qeyd edib ki, qanunvericiliyin Avropa Penitensiar Qaydalarına uyğunlaşdırılması üçün Cəzaların İcrası Məcəlləsinə, normativ hüquqi aktlara əsaslı dəyişikliklər edilib.

İdarə rəisi ömürlük azadlıqdan məhrum edilmiş məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması məqsədilə qanunvericiliyə dəyişikliklərin olunmasını zəruri sayıb. Onun sözlərinə görə, Avropa Şurasının ekspertlərinin təklifləri nəzərə alınmaqla ömürlük məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklərlə bağlı layihə hazırlanıb.

"Həbsxana idarəçiliyi üzrə Avropa Şurasının standartları" mövzusunda çıxış edən İsveç Milli Həbsxanasının sabiq baş direktoru Berten Osterdal bildirib ki, Şərqi Avropa dövlətlərinin cəzaçəkmə müəssisələrində məhkumların sayı olduqca çoxdur. Həmçinin bu dövlətlərdə məhkumların ətraf aləmlə əlaqələri itdiyindən onların cəmiyyətə adaptasiyası ilə bağlı problem yaranır. Bir sıra dövlətlərdə məhkumların əksəriyyətinin oxuyub-yaza bilməməsi probleminin olduğunu vurğulayan avropalı mütəxəssis cəzaçəkmə müəssisələrində məhkumlara təhsil kurslarının keçirilməsini, onların bilik səviyyəsinin artırılmasını vacib sayıb. "İsveçdə məhkumların 50 faizi oxuyub-yaza bilmir" - deyə Osterdal bildirib.

Avropa Penitensiar Qaydaları barədə məlumat verən ekspert islah prosesində məhkumlarla ədalətli rəftarı, onların dini ibadətlə məşğul olması üçün şərait yaradılmasını, onların ətraf aləmlə təmaslarının yaradılmasını, məhkumların təhlükəliliyinin qiymətləndirilməsini, cəzaçəkmə müəssisələrinin fəaliyyətinin müstəqil qurum tərəfindən təftişini vacib sayıb.

Avropa Penitensiar Qaydaları 2006-cı ildə qəbul edilib.

Seminarda Azərbaycanın cəza qanunvericilinin bu qaydalara uyğunlaşdırılması istiqamətində müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti