...

DİN-in sabiq idarə rəisi Avropa Məhkəməsinə müraciət edəcək

Cəmiyyət Materials 7 Dekabr 2007 16:20 (UTC +04:00)

Azərbaycan,Bakı Trend , müxbir S.İlhamqızı/ DİN-in Baş Cinayəit-Axtarış İdarəsinin keçmiş rəisi barəsindəki məhkəmə hökmündən Avropa Məhkəməsinə şikayət hazırlanır.

Bu barədə cümə günü keçirdiyi mətbuat konfransında sabiq idarə rəisi Zakir Nəsirovun vəkili Adil İsmayılov məlumat verib.

Adam oğurluğunda, qətldə təqsirləndirilərək həbs olunmuş Nəsirov məhkəmənin hökmü ilə əmlakı müsadirə olunmaqla, ömürlük azadlıqdan məhrum edilib.

Vəkil bildirib ki, həbs qərarının dəyişdirilməməsi ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

Vəkil bildirib ki, Apellyasiya Məhkəməsinin qərarı gələn həftə hazır olacaq. Əvvəlki məhkəmə instansiyalarının ədalətsiz qərar çıxardığını deyən İsmayılov əlavə edib ki, Ali Məhkəmədən də ədalətli qərar gözləmir. "Sadəcə, biz Avropa Məhkəməsinə müraciət etmək üçün yerli instansiyaları keçməyə məcburuq. Ola bilsin ki, Ali Məhkəmə ilə paralel olaraq, Avropa Məhkəməsinə də şikayət verəcəyik", - deyə İsmaylov bildirib. Onun sözlərinə görə, Avropa Məhkəməsindən Nəsirovun cinayət işinin istintaqının yenidən və ədalətli aparılması və işinə yenidən baxılması xahiş olunacaq. Vəkil hesab edir ki, Avropa Məhkəməsi Nəsirovun işi ilə bağlı şikayəti təmin edəcək.

Nəsirov Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun rəhbərlik etdiyi qrupun üzvü olub. Qrup 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı zamanı ifşa olunub.

MTN-də aparılan ibtidai istintaq zamanı Hacı Məmmədov və rəhbərlik etdiyi dəstənin 1995-ci ildən 2005-ci ilədək 13 qətl , 8 adam oğurluğu və digər cinayətlər törətdiyi müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti