...

Qobustan həbsxanasında məhkumlar yenə aclığa başladılar

Cəmiyyət Materials 14 Yanvar 2008 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir K. Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında bir qrup məhkum yanvarın 12-dən aclığa başlayıb. Bu barədə bazar ertəsi Trend ə Ədliyyə Nazirliyinin Penitensiar Xidmət Baş İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, dörd məhkum aclığa başlamaları ilə bağlı həbsxana rəhbərliyinə müraciət edib.

Onlar arasında OMON-un Qazax bölməsinin rəisi, ömürlük azadlıqadn məhrum edilmiş Elçin Əmiraslanov da var. Digər məhkumlar Şakir Rzaxanov, Rüstəm Mehdiyev və Zaur Süleymanovdur.

Aksiyanın saxlanma şəraiti ilə bağlı olmadığı bildirilir. Məlumata görə, məhkumlar yüksək vəzifəli şəxslərlə görüş tələb edirlər.

Ömürlük Məhbusların Yaxınlarının Komitəsindən isə Trend ə bildirilib ki, ötən həftə başlanan aclıq aksiyasında ömürlük azadlıqdan məhrum edilmiş 15 məhkum iştirak edir.

Komitədən bildirilib ki, məhkumlar saxlanma şəraitinə etiraz edirlər.

Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 84 məhkum cəza çəkir. Ölüm cəzasının ləğvindən sonra belə məhkumların sayı 128 nəfər olub.

"Ömürlük"lər dəfələrlə cəzalarının azaldılması tələbi ilə aclıq aksiyası keçiriblər. Məhkumlar hesab edirlər ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.

Xəbər lenti

Xəbər lenti