...

AŞPA-nın həmməruzəçiləri Azərbaycana siyasi məhbuslar üzrə məruzəçi təyin olunmasına ehtiyac görmürlər

Cəmiyyət Materials 7 Fevral 2008 12:51 (UTC +04:00)
AŞPA-nın həmməruzəçiləri Azərbaycana siyasi məhbuslar üzrə məruzəçi təyin olunmasına ehtiyac görmürlər

Azərbaycan, Bakı, 07 fevral / Trend , müxbir İ.Əlizadə/ AŞPA-nın həmməruzəçiləri Azərbaycana siyasi məhbuslar üzrə məruzəçi təyin olunmasına ehtiyac görmürlər.

Bu barədə hakimiyyət nümayəndələri ilə hüquq müdafiəçilərinin iştirakı ilə yaradılmış Siyasi Məhbus məsələləri üzrə İşçi qrupun cümə axşamı keçirilən toplantısında həmməruzəçilər Andress Herkel və Yevgeniya Jitkova bildiriblər.

Cümə axşamı Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçilərinin iştirakı ilə İşçi qrupun toplantısı keçirilib.

İşçi qrupun üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, toplantıda hüquq müdafiəçilərinin Monitorinq qrupunun təqdim etdiyi 35 nəfərlik siyasi məhbus siyahısı, Azərbaycana siyasi məhbuslarla bağlı məruzəçinin təyin olunması, həbsdə olan jurnalistlərin, xəstə məhkumların azad olunması məsələləri müzakirə edilib.

Məmmədov deyib ki, Herkel siyasi məhbus probleminin Azərbaycanın daxilində həll olunmasını vacib sayıb. Hüquq müdafiəçiləri də bu məsələdə həmməruzəçi ilə həmfikir olduqlarını bildirib. Onlar hesab ediblər ki, məruzəçinin təyin olunması hüquq müdafiəçiləri və hakimiyyət nümayəndələri arasında siyasi məhbuslarla bağlı başlanmış dialoqa mənfi təsir edə bilər. Hüquq müdafiəçisi qeyd edib ki, hakimiyyət həbsdə olan jurnalistlərlə bağlı addım atarsa, siaysi məhbus məsələləri üzrə məruzəçinin təyin olunması məsələsi qapadılacaq.

Həmməruzəçilər Azərbaycanda olduqları müddətdə Monitorinq qrupunun hazırladığı siyahıda adı olan bir neçə məhkumla görüşdüklərini və onların səhhətləri ilə bağlı ciddi problem olduğunu təsdiqləyiblər.

İşçi qrupun hakimiyyətdən olan nümayəndələri Azərbaycanda "siyasi məhbus" probleminin olmadığını, adı bu siyahıda olan şəxslərin konkret cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunduqlarını vurğulayıblar. Onlar qeyd ediblər ki, cinayət törətmiş hər bir şəxsin bağışlanmaq hüququ var və bu xahişlə müraciət etmiş şəxslərin işlərinə baxılır. Hakimiyyət nümayəndələri məruzəçinin təyin olunmasına qəti etiraz ediblər.

Məmmədov bildirib ki, hakimiyyət nümayəndələri də məhkumlarla bağlı siyahı hazırlayıb və bu siyahı Monitorinq qrupunun hazırladığı siyahı ilə üst-üstə düşür.

Məmmədov təqdim olunan siyahının bütünlüklə siyasi məhbuslardan ibarət olmadığını deyib və siyahıya xəstə məhkumların, cinayət işlərinə baxılarkən məhkəmələr və istintaqda hüquqları pozulmuş məhkumların adlarının salındığını vurğulayıb.

İşçi qrupun növbəti iclasının martın 3-də keçirilməsi və bu məsələlərin yenidən müzakirəsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti