Azərbaycan, Bakı, 09 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın bölgələrində vəhabilik və başqa qeyri-ənənəvi dini təriqətlər sürətlə yayılır və bu, dövlət üçün ciddi təhlükəyə çevrilib. "İndi ciddi tədbirlər görülməsə, gələcəkdə dini təriqətlərin qarşısını almaq mümkün olmayacaq", - deyə çərşənbə günü Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov bildirib.
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 430 dini icma qeydiyyata alınıb. Onlardan böyük əksəriyyəti müsəlman dini icmalarıdır.
Mahmudov qeyd edib ki, dini təriqətlərə qoşulan insanları oradan ayırmaq mümkün deyil.
"Azərbaycan səmavi dinlər olan islam və xristanlıq kimi dinlərin əleyhinə deyil. Lakin qeyri-ənənəvi dini təriqətlər, o cümlədən vəhabilik Azərbaycanda qadağan olunmalıdır", -deyə Mahmudov əlavə edib.
Deputat bildirib ki, erməni lobbisi son zamanlar Azərbaycanda dini təriqətlərin yayılması üçün böyük məbləğdə vəsait ayırır: "Azərbaycanın bölgələrində, xüsusən də Gəncədə yeni doğulan uşaqlara xristian adları qoyurlar. Valideynlər deyirlər ki, kimlərəsə uşaqlarına xristian adları qoymaq barədə söz veriblər. Bunlar hamısı dini təriqətlərin fəaliyyətinin nəticəsidir".
Onun fikrincə, "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilməlidir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]