...

Yerli serial bazarında özümüzə rəqib bilmirik – "Serial" layihəsinin rəhbəri Natiq Qocaman

Cəmiyyət Materials 11 Aprel 2008 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel /müx. TrendLife Şahin Cavadsoy/

Dünən "Lider TV"nin baş prodüseri vəzifəsinə təyin olunan Murad Dadaşovun "serial bazarında liderliyi ələ alacağıq" açıqlaması, bu işlə illərdən bəri məşğul olan yazarları dilə gətirdi. Qeyd edək ki, Murad Dadaşov bu haqda TrendLife-a şəxsən məlumat vermişdi. Məlumatla tanış olan "Serial" layihəsinin rəhbəri Natiq Qocaman, Muradın dediklərinə cavab verməkdə özü maraqlı oldu: "Azərbaycan iqtisadiyyati sürətlə inkişaf edir. Təbii ki, kinoindustriya da bu inkişafdan geri qalmır. Heç şübhə yoxdur ki, yaxin müddət ərzində ölkəmiz bu sahədə də regionun aparıcı qüvvəsinə çevriləcək. Artıq 10 ildir fasiləsiz nəşr olunan "Serial" qəzeti bu işdə müstəsna rol oynayır. Belə ki, indiyədək bizim qəzetdə 500-ə yaxın müxtəlif mövzularda seriallar nəşr olunub. Tanınmış yazıçılarla bərabər gənc müəlliflərin də əsərlərinə yer verilir. Bir sözlə, fəaliyyətimiz dövründə serial həvəskarlarının zövqünü müəyyən dərəcədə formalaşdırmağa nail olmuşuq. Yerli serial həvəskarları əsərlərimizi tanıyır və biz müasir serial bazarında nə tələb olunduğunu başqalarından daha yaxşı bilirik. Yazılı serial sektorunda rəqibsiz olduğumuz kimi, vizual serial aləmində də birinci olacağımıza əminik. Artiq 2 serialin ssenarisi ilə bağlı sifariş almışıq. Lakin əsas məqsədimiz çoxsaylı əsərlərimizdən səmərəli istifadə edərək filmləri öz hesabımıza çəkməkdir. Çağdaş ədəbiyyatın durğunluq dövründə olduğunu düşünən insanlara sübut edəcəyik ki, 10 illik fəaliyyətimiz ərzində bir-birindən maraqlı əsərlər araya-ərsəyə gətirmişik. Tam məsuliyyətlə deyə bilərik ki, telekanallarda yayımlanan türk seriallarına rəqib olacaq qədər güclü seriallarımız vardir. Bizim onlardan bir üstün cəhətimiz də odur ki, seriallarimiz Azərbaycan cəmiyyətindəki hadisələri əks etdirir. Yerli serial bazarında özümüzə rəqib bilmirik. Yaxın müddətdə öz hesabımıza ən azı 2 filmin çəkilişlərinə başlayacağıq. Bu filmlər sentyabr ayına qədər telekanalların birində yayımlanmağa başlayacaq".

Murad Dadaşovun sözlərinə cavab olaraq Natiq Qocaman onu da bildirdi ki, serial ssenarilərini qonşu dövlətlərdə fəaliyyət göstərən "prodakşın"lara da göndəriblər: "Yeri gəlmişkən, əsərlərimizin bir qismini Türkiyənin bəzi prodüser mərkəzlərinə təqdim etmişik. Onlarla işbirliyi də istisna deyil. Qısası bu sektorda da birinci olacağımızı tezliklə sübut edəcəyik".

Xəbər lenti

Xəbər lenti