Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda uşaq idmanının inkişafı sahəsində ciddi problemlər var. "Uşaq idmanının inkişafında maliyyə, idman qurğuları ilə təminat, uşaq idman məktəblərinin maddi-texniki bazasının aşağı səviyyədə olması ilə bağlı problemlər mövcüddur" deyə çərşənbə günü Milli Məclisdə "Uşaq idmanı haqqında" qanun layihəsinin müzakirəsi zamanı gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov məlumat verib.
Azərbaycanda 207 uşaq idman məktəbi fəaliyyət göstərir. Onlardan 157-si Təhsil Nazirliyinin, 27-si Gənclər və İdman Nazirliyinin, 23-u isə Həmkarlar Təşkilatlarının tabeliyindədir. Bu məktəblərdə 150 mindən artıq uşaq təhsil alır.
Nazir müavini qeyd edib ki, problemlər həll olunmazsa, Azərbaycanda uşaq idmanını inkişaf etdirmək və kütləviliyi təmin etmək mümkün olmayacaq.
İsmayılov qeyd edib ki, uşaq idmanının ayrıca qanunla tənzimlənməsinə cidi ehtiyac var. Yeni qanun layihəsi bu sahədə olan mübahisəli məsələlərin həllinə müsbət təsir edəcək.
Təhsil nazirinin müavini Elmar Qasımov isə bildirib ki, nazirliyin tabeliyində olan 157 uşaq idman məktəbində 27 növ idmanla məşğul olmaq mümkündür. Onlardan 20-si olimpiya idman növünə aiddir. Uşaq idman məktəblərində 4477 məşqçi çalışır, onlardan 30-u əməkdar, 37-si yüksək dərəcəli, 160-ı ikinci kateqoriyalı, qalanları isə birinci kateqoriyalı məşqçilərdir.