...

Bakıda keçirilən bilyard üzrə AÇ-də iştirak etmək üçün Ermənistan tərəfi müraciət etməyib – federasiya prezidenti

Cəmiyyət Materials 14 May 2008 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may / Trend , müxbir R.Ergün/ Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) dəstəyi olmasaydı, Bakıda bilyard üzrə Avropa Çempionatının (AÇ) keçirilməsi sual altında olardı. "Elə idmançılar var ki, Qran-Pri yarışlarında iştirak etdiklərindən, Bakıda keçirilən Avropa çempionatına qatılmadılar. Azərbaycanlı bilyard ustası Niyazi Xələfov da belə idmançılardandır",- çərşənbə günü "Abşeron" otelində Bakıda keçirilən Avropa Çempionatına həsr olunmuş mətbuat konfransında Azərbaycan Bilyard İdmanı Federasiyasının prezidenti İlham Aslanov deyib.

Bilyard üzrə Avropa çempionatı Bakıda ilk dəfə keçirilir. Qitə birinciliyində 32 kişi, 16 qadın idmançı iştirak edəcək. Çempionatın mükafat fondu 15 min dollardır. Bu mükafatın 3 mini qadınların, 12 mini kişilərin mübarizəsində qalib gələnlərə veriləcək.

Aslanov deyib ki, Ermənistan Bilyard Federasiyası AÇ-də iştirak etmək üçün müraciət etməyib. "Yarışlar xüsusi sistemlə keçiriləcək. İki oyunda uduzan idmançı yarışı davam etdirə bilməyəcək. Çempionatın iştirakçıları arasında Ermənistan idmançılarının olmamasının səbəbi onların AÇ-yə qatılmaqla bağlı müraciət etməməsidir" - deyə federasiya prezidenti əlavə edib.

Avropa çempionatına 10 ölkənin bilyard ustaları qatılacaq. Bakı Olimpiya Mərkəzində keçiriləcək birincilikdə Azərbaycan, Belarus, Gürcüstan, Almaniya, Latviya, Litva, Moldova, Rusiya, Ukrayna və Finlandiya təmsilçiləri qüvvəllərini sınayacaqlar.

ABİF prezidenti bildirib ki, gələcəkdə Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) ilə birlikdə Bakıda bilyard məktəbinin yaradılması nəzərdə tutulub.

Bilyard üzrə Avropa çempionatının rəsmi açılışı cümə axşamı saat 17.00 -da olacaq. Çempionat mayın 18-də başa çatacaq.

Mətbuat konfransında iştirak edən Piramida üzrə Avropa Komitəsinin prezidenti Aleksandr Sokolov deyib ki, çempionatın Bakıda təşkil olunması Azərbaycan idmançılarına əlavə psixoloji üstünlük yarada bilər.

Birinciliyin əsas partnyoru "PuptuP", partnyorları "Statoil Hydro", "RASSON" və "BELVEST" şirkətləridir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti