Azərbaycan, Bakı, 15 may / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bəyan edib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Laçın rayonunun meşələri qırılaraq, istehsal üçün xarici ölkələrə göndərilir. "Rayonun Picənis və Hacışamlı meşəliklərindən qırmızı palıd qırılaraq, konyak istehsalında istifadə olunan çəlləklərin hazırlanması üçün Fransaya, təbii halda bitən külli miqdarda iri gövdəli qoz ağacları isə, kütləvi qırılaraq, mebel istehsalında istifadə məqsədilə İrana və Avropa ölkələrinə satılır",- cümə axşamı Trend -a nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən İradə İbrahimova bildirib.
Azərbaycanın Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilib.
ETSN bu faktları "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz" tərəfindən aşkarlayıb.
İbrahimova bildirib ki, rayonun Hacılar və Sadınlar kəndlərinin ərazisində olan 65 hektar meşə sahəsi tamamilə qırılıb.
Rayonda ümumi cəmi 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min m3 olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, 5125 min m3 -lik, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), ehtiyatları 998 min m3 olan və kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, ehtiyatları 2144 min m3 olan Quşçu pemza, ehtiyatları 15794 min m3 olan Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, ehtiyatları 10 ton əqiq və 0,9 ton jad olan 2 əlvan bəzək daşı, ümumi ehtiyatları 10449 min ton olan 3 vulkan külü, istismar ehtiyatları 430 min m3/gün olan Minkənd mineral su yataqları vardır.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]