Azərbaycan, Bakı, 22 may/ Trend , müxbir S.Ağayeva/ Bakıda akkreditə olunmuş Avropa İttifaqı (Aİ) ölkələri səfirləri Azərbaycanda KİV ilə bağlı vəziyyəti müzakirə ediblər. Avropa ölkələri diplomatik missiyaları rəhbərləri cümə axşamı "Azadlıq" müxalifət qəzetinin direktoru Azər Əhmədov və hüquq müdafiəçisi Arif Yunusla görüşüblər. Bu barədə Fransanın Azərbaycandakı səfirliyindən məlumat veriblər.
"Azərbaycanda söz azadlığı sahəsindəki problemlər, prezident seçkiləri ərəfəsində KİV-ə təzyiqlər müzakirə edilib", - Əhmədov Trend -a bildirib. Qəzetin direktoru bildirib ki, səfirlər "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin işi ilə bağlı məlumatlandırılıblar. Aqil Xəlilə qarşı hücum edilib.
Azərbaycanda söz və mətbuat azadlığı sahəsində vəziyyət haqqında monitorinqin nəticələrinə görə, apreldə jurnalistlərlə bağlı 72 hadisə qeydə alınıb. Bu barədə Demokratik Jurnalistlər Liqası tərəfindən həyata keçirilən media problemlərinin monitorinqi layihəsi çərçivəsində, aprel hesabatında deyilir.
Aprel ərzində "Azərbaycan" nəşriyyatının direktoru Ağabəy Əsgərov "Xural" qəzetinin redaktoru Əvəz Zeynallıya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148.2 (təhqir) maddələri üzrə cinayət işinin qaldırılması haqqında Nərimanov rayon məhkəməsində iddia qaldırıb.
Azərbaycanda üç jurnalist həbsdədir - "Azadlıq" qəzetinin redaktoru Qənimət Zahid, onun qardaşı, qəzetin əməkdaşı Mirzə Sakit və "Gündəlik Azərbaycan", "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev.
İki KİV əməkdaşı Respublika prokurorluğunda Ağır Cinayətlərə dair iş üzrə İstintaq İdarəsində ifadə veriblər.
AR CM-in 311.1 maddəsi (rüşvətxorluq) üzrə günahlandırılan və Ağır Cinayətlərə dair İş üzrə Məhkəmənin qərarı ilə altı il azadlıqdan məhrum edilən "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovun appelyasiya şikayəti qismən təmin edilib və onun cəzası beş ilədək azaldılıb.
Aprel ərzində üç KİV əməkdaşını telefon vasitəsilə ölümlə təhdid ediblər.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər İcra hakimiyyəti dörd gün ərzində şəhərin küçələri və avtobus dayanacaqlarında qəzet satışına qadağa qoyublar.
Apreldə 21 KİV əməkdaşı aclıq aksiyası keçirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]