...

Toylara getməyə qərar vermişəm - Fidan Hacıyeva

Cəmiyyət Materials 23 May 2008 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /müx. TrendLife Günel Əhmədova

Opera və Balet Teatrının solisti Fidan Hacıyeva repertuarındakı janr məhdudiyyətini aradan qaldırır. Bu günə kimi daha çox operalar, xalq, vətənpərvər mahnıları ifa edən Fidan Hacıyeva artıq proqrama toy mahnıları da əlavə edib. Müğənninin TrendLife-a bildirdiyinə görə, dəfələrlə toylarda oxumaq üçün ona təkliflər gəlib. Toy oxumağın halal qazanc yolu olduğunu düşünən opera müğənnisi təklifi dəyərləndirib. Hazırda özünə repertuar seçən müğənni xalq mahnılarının sayını artırır:

"Əslində həmişə xalq mahnıları ifa etmişəm. Amma onlar ciddi konsert səhnələri üçün nəzərdə tutulduğu üçün bir qədər klassik üslubda ifa olunub. Toy proqramı isə bir qədər oynaq və yüngül olmalıdır. Etraf etməliyik ki, müğənnilərin gəlir mənbəyinin bir hissəsini toylar təşkil edir. Əgər mən böyük səhnələr barədə düşünürəmsə, bunun maliyyə tərəfini qazandığım pullarla ödəməliyəm. Ona görə də, toylara getməyə qərar vermişəm".

Müğənninin bir müddət əvvəl TrendLife-a danışdığı rok oxumaq ideyası isə qüvvədən düşməyib. Fidan Hacıyeva düşünmür ki, toy müğənnisi olmaqla, bu layihənin üstündən xətt çəkmək lazımdır:

"Bu istiqamətdə nəzərdə tutulan hazırlıqlar davam edir. Artıq mahnılar lentə alınır. Bunlardan birinin ekran versiyası da düşünülüb. Lakin rok əsərlərindən birinin muğamla sintezi ideyasını ərsəyə gətirmək üçün məşqləri davam etdirirəm. Muğam oxumaq çətin peşədir. Səs imkanlarım opera üzərində kökləndiyi üçün muğamı asan mənimsəyə bilmirəm. Uzun aylardır məşqlər davam edir. Anlayışımı artırmışam. Amma özümü səhnə üçün tam hazır görmürəm. Proqram yekunlaşandan sonra bunu konsert layihəsi şəklində təqdim edəcəm".

Xəbər lenti

Xəbər lenti