Azərbaycan, Bakı, 13 iyun/ Trend , müxbir M.Əliyev/ Azərbaycanda orta təhsil müəssisəsini bitirməklə bağlı mərkəzləşdirilmiş test imtahanlarının nəticələrinə etiraz edən 60 valideyn və şagird cümə günü Milli Məclisin (parlament) qarşısında aksiya keçirib. Üç valideyn Milli Məclisin qəbul otağına danışıqlara çağrılıb.
Trend -un arayışı: Təhsil Nazirliyinin məlumatına əsasən, iyunun 6-da mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarına 50 279 şagird cəlb olunub, onlardan 47 780 nəfəri imtahanda iştirak edib. İmtahan vermiş şagirdlərin 37 601 nəfəri bütün fənlərdən müvəffəq olub, 5124 nəfəri 1 fəndən, 1791 nəfəri 2 fəndən, 2400 nəfəri isə 3 və daha çox fəndən " 2" qiymət alıb. İyunun 16-da şagirdlərin yekun attestat qiyməti Təhsil Nazirliyinin internet səhifəsində (www.edu.gov.az) yerləşdiriləcək. Bu il mərkəzləşdirilmiş qaydada test üsulu ilə buraxılış imtahanları Azərbaycanın Bakı, Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir şəhərləri, Ucar, İmişli və İsmayıllı rayonlarının bütün orta məktəblərində keçirilib.
Danışıqlarda iştirak etmiş valideynlərin bildirdiyinə görə, parlamentin Təhsil Komissiyanın sədri Şəmsəddin Hacıyev onlara bildirib ki, bu gün təhsil naziri Misir Mərdanovla görüşəcək.
Valideynlərin sözlərinrə görə, Hacıyev təhsil nazirinə üç təklif təqdim edəcək. Birincisi, "2" qiyməti alanların nəticələrini ləğv etmək; ikincisi, yenidən buraxılış imtahanı keçirmək; üçüncüsü, attestatdakı "2" qiymətlərini başqa məqbul qiymətlə dəyişdirmək.
Hazırda valideynlər Prezidentin İcra Apparatı binasının qarşısında yığışıblar. Valideynlərdən üçü Aparata dəvət olunub.
Trend -un arayışı: Narazı valideyn və şagirdlər iyunun 11-də Təhsil Nazirliyinin, iyunun 12-də isə Prezident Aparatının qarşısında oxşar aksiya keçiriblər.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]