...

Azərbaycanın özəl ali məktəbləri qeyri-qanuni tələbə qəbulunu davam etdirir – Komissiya sədri

Cəmiyyət Materials 20 İyun 2008 12:55 (UTC +04:00)
Azərbaycanın özəl ali məktəbləri qeyri-qanuni tələbə qəbulunu davam etdirir – Komissiya sədri

Azərbaycan, Bakı, 20 iyun/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın özəl ali məktəbləri qeyri-qanuni tələbə qəbulu aparmağı davam etdirir. Bu barədə cümə günü Bakıda jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, 2004-cü ilə qədər mövcud "Təhsil haqqında" qanuna əsasən, özəl ali məktəblər daxili testlə də tələbə qəbulu apara bilərdilər. "2004-cü ildə prezidentin sərəncamı ilə qanundakı həmin müddəa dəyişdirilib və həmin ildən sonra özəl ali məktəblərin bu yolla tələbə qəbulu aparması qeyri-qanuni hesab edilib", - deyə Abbaszadə bildirib.

Abbaszadənin bildirdiyinə görə, TQDK-ya bu il ərzində Hərbi Komissarlıqdan bəzi özəl ali məktəblərin tələbələri ilə bağlı 100-ə yaxın sorğu təqdim olunub. "Həmin tələbələrin TQDK tərəfindən qəbul olunmadığı müəyyən olunub və çox təəssüf ki, bu proses davam edir", - deyə Komissiya sədri bildirib.

Onun qeyd etdiyi kimi, özəl ali məktəblərə qeyri-qanuni tələbə qəbulu ilə bağlı TQDK ölkə rəhbərliyini məlumatlandırıb. "Bu məsələlər TQDK-nın səlahiyyətində deyil, bu faktlara hüquqi qiymət verilməlidir. Faktlar araşdırılması üçün müvafiq orqan və nazirliklərə təqdim olunub", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti