...

Azərbaycanın "Bakı" futbol klubunu çempion etmiş məşqçi futzal üzrə yığma komandaya baş məşqçi təyin oluna bilər – federasiya prezidenti

Cəmiyyət Materials 25 İyun 2008 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir R.Ergün/Azərbaycanın futzal üzrə yığma komandasının baş məşqçisi vəzifəsinə "Bakı" futbol klubunu çempion etmiş Böyükağa Hacıyev gətirilə bilər. Bu barədə çərşənbə günü Trend -a Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov məlumat verib.

Trend -un arayışı: Hacıyev bir neçə gün əvvəl Azərbaycanın futzal üzrə sonuncu çempionu olan "Araz" klubunun baş məşqçisi təyin edilib. O, "Araz"a gələnə kimi "Bakı" futbol klubu ilə Azərbaycan çempionu olub. Hacıyev əvvəllər İranın bir neçə futbol klubunda da baş məşqçi kimi fəaliyyət göstərib.

Axundov bildirib ki, Hacıyev futzal məşqçisi kimi təcrübə qazanmaq üçün Rusiyanın "Dina" klubunun məşqlərində iştirak edəcək. "Baş məşqçi Rusiyadan qayıdandan sonra biz onun namizədliyi üzərində fikirləşəcəyik. "Araz" klubunun futzal üzrə Çempionlar Liqasının qrup mərhələsində iştirakını başa çatdırmasından sonra yığma komandanın baş məşqçisi məsələsinə tam aydınlıq gələcək", - deyə federasiya prezidenti əlavə edib.

Futzal üzrə Çempionlar Liqasında "Araz" klubunun yer aldığı qrupun oyunları bu il sentyabrın 11-dən 14-dək Bakıda keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti