...

Azərbaycanın futbol üzrə Premyer-Liqasının oyunlarını idarə edən hakimlərin sayı artırılacaq – Hakimlər Komitəsinin sədri

Cəmiyyət Materials 2 İyul 2008 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının oyunlarını idarə edən hakimlərin sayı artırılacaq. "Əvvəllər çempionat oyunlarını idarə etmək üçün 10-11 hakim təsdiqlənirdi. Amma qarşıdakı Premyer-Liqanın oyunlarında belə olmayacaq. Qərara gəlmişik ki, rəqabəti artıraq və hakimlərin sayı 16-18 nəfər olsun", çərşənbə günü Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

Məmmədov Hakimlər Komitəsinin sədri vəzifəsinə bu ilin aprel ayında təyin olunub. Ondan əvvəl komitəyə Murad Məmmədov rəhbərlik edib.

Komitə sədri bildirib ki, 2008-2009-cu il futbol mövsümündən etibarən rayonları təmsil edən hakimlərə daha çox üstünlük veriləcək. "Hazırda klublar yoxlama oyunlarında qüvvələrini sınayırlar ki, bu oyunları bölgələrdən olan gənc hakimlər idarə edirlər. İndiyə kimi belə olmurdu. Bizim əsas məqsədimiz Premyer-Liqanın oyunlarını idarə edən hakimlərin arasında bölgələrdən olan gənc referilərin say çoxluğunu təmin etməkdir", - deyə Məmmədov əlavə edib.

Məmmədov deyib ki, iyulun 18-dən etibarən Qəbələdə hakimlər üçün on gün müddətində təlim-məşq toplanışı təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti