...

Aşıqlar birliyi fəaliyyətini dayandırır

Cəmiyyət Materials 8 İyul 2008 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul /TrendLife müx. Günel Əhmədova

Aşıqlar Birliyinin bina probleminə artıq son qoyulacaq. Qurumun sədri Zümrüd Məmmədovanın TrendLife-a bildirdiyinə görə, uzun illər mübarizə aparmağına baxmayaraq, Aşıqlar Birliyinə məxsus olan kiçik otaq da əllərindən alınıb.

Xatırladaq ki, bir müddət əvvəl Bəstəkarlar İttifaqının yerləşdiyi binanın 3-cü mərtəbəsində sığınacaq tapan qurumun problemləri hələ o vaxtda da mövcud idi. Şəraitsiz vəziyyətdə fəaliyyət göstərdiklərini dəfələrlə KİV-ə müsahibələrində qeyd edən Z.Məmmədova bu müddətdə heç nəyi həll edə bilmədi. Hətta ərazinin bir hissəsi qurumun ixtiyarından alınaraq başqa məqsədə istifadəyə verilmişdi. Bir neçə ay öncə təmir işləri ilə əlaqədar Hökumət Evinin 10-cu mərtəbəsindəki bir otaqda yerləşdirilən Aşıqlar Birliyinin fəaliyyəti günü-gündən zəifləyib. Vaxtilə problemlərini darısqal otaqda çözə bilmədikləri barədə çıxışlar edən Z.Məmmədova indi ümumiyyətlə, yersiz qalıb.

Onun əlavəsinə görə, bir müddət əvvəl qurum Hökumət Evində onlara verilən otaqdan çıxarılıb. Quruma məxsus avadanlıqlar isə binanın anbarına daşınır. Bu hadisədən sonra qurumun fəaliyyətininin dayandırdığını deyən Zümrüd Məmmədovanın iddiasına görə, həmin otaq İqtisadi İnkişaf Nazirliyinə verilib. Birliyin sədrinin sözlərinə görə, vaxtilə bir binanı paylaşdıqları Bəstəkarlar İttfaqı Xaqani küçəsində yerləşən keçmiş Türkiyə Səfirliyinin binasında sığınacaq tapıb:

"Halbuki, bir vaxtlar həmin binada bizim təşkilat da yerləşirdi. Amma binasız qalmağımıza baxmayaraq orada bizə sığınacaq verilmədi. Açıq-aşkar deyirlər ki, Aşıqlar Birliyinin fəaliyyətinin üstündən xətt çəkilməlidir".

Zümrüd Məmmədovanın eşitdiyinə görə, aşıqların fəaliyyəti ilə bağlı hansı bir qurum yaradılmalıdır. Lakin bu haqda ona bilgi verilməyib: "Vaxtilə baş nazirin müavini Abid Şərifov bizə yerləşdiyimiz Hökumət Evindən bina veriləcəyi təqdirdə çıxarılacağımızı bəyan etmişdi. Lakin deyəsən, yuxarı dairələr fikirlərində dəyişiklik ediblər. Bunu nəzərə alaraq ölkə başçısına qurum üzvləri və öz adımdan müraciət göndərməyi düşünürəm".

Xəbər lenti

Xəbər lenti