...

Beynəlxalq qurumlar Azərbaycanın işğal altında olan bölgələrində törədilən yanğınlara münasibətdə ermənilərin maraqlarından çıxış edir - nazir

Cəmiyyət Materials 18 İyul 2008 13:52 (UTC +04:00)
Beynəlxalq qurumlar Azərbaycanın işğal altında olan bölgələrində törədilən yanğınlara münasibətdə ermənilərin maraqlarından çıxış edir - nazir

Azərbaycan, Bakı, 18 iyul/ Tr , müxbir E.Babayev/ Azərbaycan beynəlxalq qurumları işğal altında olan bölgələrində törədilən yanğınlara münasibətdə ermənilərin maraqlarından çıxış etməkdə günahlandırıb. "ATƏT və BMT Qarabağda Azərbaycanın iştirakı ilə erməni qoşunlarını kənara çəkərək, ekoloji tədbirlər görmək əvəzinə ermənilərə maliyyə yardımları edərək, yanğınların qarşısını almağın mümkün olması barədə təkliflər verməyə başlayıblar", Trend -un məlumatına görə, bunu cümə günü ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Ermənilər tərəfindən son 3 ildə Azərbaycanın işğal altında olan ərazilərində yanğınların törədilməsi intensivləşib. Yanğınlar nəticəsində Azərbaycan tərəfinə külli miqdarda ziyan dəyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu faktla bağlı beynəlxalq təşkilatları məlumatlandırıb.

Bağırov bəyan edib ki, beynəlxalq qurumların yanaşması ilə heç cür barışmaq olmaz. "Belə çıxır ki, ermənilər həm təbiətə divan tuturlar, həm də beynəlxalq təşkilatlardan maliyyə yardımı əldə etmək istəyirlər", - deyə nazir bildirib.

Bağırov beynəlxalq qurumların yanğınları havaların quraq keçməsi ilə izah etmələrini isə qəbuledilməz sayıb. "Yanğınlar yaşayış məntəqələrinin dağıdılması, müəyyən materialların oradan oğurlanması izlərinin itirilməsi üçün törədilir. Azərbaycanda daha quraq ərazilər var, amma həmin ərazilərdə heç bir yanğın baş vermir", - deyən Bağırov onu da bildirib ki, yanğınların davam etməsi ermənilərin sülh danışıqlarının aparılmasında maraqlı olmamasını ortaya qoyur: "O dövlətlər ki, bizi sülhə çağırırlar, amma sülh üçün heç bir addım atmırlar, onların nəzərinə çatdırırıq ki, Ermənistanın sülh ritorikası boş təbliğatdan başqa bir şey deyil".

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün 1992-ci ildə ATƏT çərçivəsində 10-a yaxın ölkənin iştirakı ilə Minsk qrupu yaradılıb, 1997-ci ildən Minsk Qrupunda üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərindən ibarət həmsədrlər fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti