...

Əbu Bəkr məscidində törədilən partlayış Azərbaycanda sabitliyi pozmağa xidmət edir - məscidin imamı

Cəmiyyət Materials 21 Avqust 2008 13:34 (UTC +04:00)
Əbu Bəkr məscidində törədilən partlayış Azərbaycanda sabitliyi pozmağa xidmət edir - məscidin imamı

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan paytaxtında partlayış baş vermiş Əbu Bəkr məscidinin imamı Hacı Qamət Süleymanov hesab edir ki, baş verən hadisə Azərbaycanda sabitliyi pozmağa xidmət edir.

"Məsciddə törədilən partlayış terrordur və Azərbaycandakı sabitliyin pozulmasına, bizə qarşı yönəlib", cümə axşamı Trend -a Bakının Nərimanov rayonu ərazisində yerləşən Əbu Bəkr məscidinin imamı Hacı Qamət bildirib.

Trend -un arayışı: Avqustun 17-də saat 20.50 radələrində Bakıda, Ü.Bünyadzadə küçəsində yerləşən Əbu Bəkr məscidində partlayış baş verib.

Naməlum şəxs məscidin pəncərəsini daşla sındıraraq, iki ədəd RQD-1 əl qumbarasını məscidin içərisinə atıb. Rəsmi məlumata görə, hadisə zamanı 2 nəfərin öldüyü, 11 nəfərin xəsarət aldığı bildirilir. Qeyri-rəsmi mənbələr isə 3 nəfərin öldüyünü bildirir.

İşin istintaqı Bakı şəhər Prokurorluğuna tapşırılıb və faktla bağlı Cinayət Məcəlləsinin ümumi təhlükəli üsulla qəsdən adamöldürmə (120.2.4), iki və ya daha çox şəxsi qəsdən öldürmə (120.2.7) və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228) maddələri ilə cinayət işi açılıb. Astara şəhər sakini, 1986-cı il təvəllüdlü Rəsulov Emin Aydın oğlu Bakının Əbu Bəkr məscidində baş vermiş partlayış faktında əli olması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb. Onun haqqında Cinayət Məcəlləsinin 283.1 maddəsinə (milli, irqi və ya dini düşmənçiliyin təhriki) əsasən, saxlanılması barədə qərar qəbul edilib.

"İndi əsas məsələ cinayətin açılması və cinayətkarların həbs olunmasıdır. Bundan sonra hər şey məlum olacaq. Mən indidən hansısa bəyanatlar vermək istəmirəm", - deyə Hacı Qamət əlavə edib.

Məsciddə baş verən partlayışın dindarlar arasında yaranan fikir ayrılığı ilə bağlı olmasına dair məlumatlara münasibət bildirən Hacı Qamət qeyd edib ki, anlaşılmazlıqların dinc şəkildə həllinə tərəfdardır.

"Dünyada elə bir insan yoxdur ki, hamı onun fikri ilə razı olsun. Hər bir insana qarşı çıxanlar, onunla razılaşmayanlar olur. Ola bilsin ki, bizim aramızda da hansısa fikir ayrılığı olsun. Mən heç vaxt anlaşılmazlıqların və fikir ayrılıqlarının bu formada, terror vasitəsi ilə həllinə tərəfdar olmamışam. Heç kim belə bir hadisənin baş verəcəyini gözləmirdi. Namaz qıldığımız yerdə bizə hücum oldu. Mən bütün cəmiyyətə müraciət edirəm ki, hamı bu cinayətin açılmasına gömək etsin və hadisə ilə bağlı bildiklərini hüquq-mühafizə orqanlarına çatdırsınlar", - məscidin imamı əlavə edib.

Onun sözlərinə görə, səhhəti normaldır və ev şəraitində müalicəsini davam etdirir. Hacı Qamət vurğulayıb ki, eyni zamanda hər gün məscidə baş çəkir: "Mən də məscidə gedib-gəlirəm. Yaxın günlərdə oranın fəaliyyətini bərpa edəcəyik və Allahın evinin qapıları yenidən dindarların üzünə açılacaq. Əbu Bəkrin yenidən fəaliyyət göstərməsində heç bir problem yoxdur".

Hacı Qamət vurğulayıb ki, məscidin və orada ibadət edən dindarların təhlükəsizliyinin təmin olunması üçün orada polis mühafizəsinin təmin olunması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etmələri mümkündür. O bildirib ki, həm hüquq-mühafizə orqanları, həm də dindarlar tərəfindən məscidin mühafizəsi gücləndiriləcək.

"Onsuz da məscidə polis nəzarəti var idi. Biz bunu əsasən cümə namazları zamanı müşahidə edirdik. Ola bilər ki, məscidin mühafizəsinin gücləndirilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət etdik", - Hacı Qamət deyib.

Hacı Qamət Azərbaycanda radikal qüvvələrin olduğunu istisna etməyib, lakin həmin qüvvələrin Əbu Bəkr məscidi ilə əlaqələndirilməsinə etiraz edib.

"Radikal qüvvələr var və onları bizimlə bağlamaq düzgün deyil. Biz həmişə radikallığın əleyhinə olmuşuq, bununla mübarizə aparmışıq və aparacağıq. Həmin radikal qüvvələr cihad və hakimiyyətə qarşı mübarizə aparmaq üçün fətva tələb edirlər. Onlar da öz aralarında da iki yerə parçalanıblar. Bir hissəsi hər yerdə cihadı, digərləri isə hakimiyyətə qarşı mübarizəni vacib hesab edirlər. Biz isə bununla razılaşmırıq. Lakin deməzdim ki, onlar kifayət qədər gücə malikdirlər", - deyə məscidin imamı əlavə edib.

Hacı Qamət deyib ki, həmin qüvvələrin formalaşmasına dünyada gedən proseslər təsir edir. Əfqanıstan, İraqda baş verənləri televiziya vasitəsi ilə izləyən həmin qüvvələr dünyada müsəlmanların məhv edildiyini fikrini əsas götürərək, həyat təcrübəsi az və təhsili olmayan gəncləri, sosial cəhətdən zəif insanları öz təsirləri altına salırlar və onlardan istifadə edirlər.

O, Əbu Bəkrdəki partlayışın belə qüvvələr tərəfindən törədildiyini istisna etməyib.

"Hər şey ola bilər. Mən bütün bunlarla bağlı istintaqa ifadə vermişəm", - deyən Hacı Qamət qeyd edib ki, əvvəllər məscid ətrafında şübhəli hallar və şəxslər müşahidə etməyiblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti