...

İctimai Komitə məhkumların islahında maliyyə çatışmazlığı səbəbindən iştirak edə bilmir - koordinator

Cəmiyyət Materials 11 Sentyabr 2008 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , K.Zərbalıyeva/ Ədliyyə naziri yanında İctimai Komitə birillik fəaliyyətinin yekunları ilə bağlı hesabat verib.

Bu münasibətlə cümə axşamı keçirilən tədbirdə məhkumların islah edilməsində ictimaiyyətin iştirakını təmin edən və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin koordinatoru Sahib Məmmədov bildirib ki, İctimai Komitə fəaliyyətinin əsas hissəsini maliyyə çatışmazlığı səbəbindən icra edə bilmir.

"Bu səbəbdən də komitənin fəaliyyətində daha çox cəzaçəkmə müəssisələrinə başçəkmələr və monitorinqlər nəzərə çarpır", - deyə koordinator vurğulayıb.

Komitənin ilk tərkibi 9 nəfərdən ibarət olmaqla 2006-cı ilin oktyabrında təşkil olunub. Komitənin fəaliyyətinin əsas istiqaməti məhkumların islah edilməsində ictimaiyyətin iştirakını təmin etməkdir.

İctimai Komitənin tərkibi dövlət və qeyri-hökumət təşkilatlarının nüfuzlu nümayəndələrindən ibarət olan Seçki Komissiyası tərəfindən seçilir.

İctimai Komitənin fəaliyyət planına cəzaçəkmə müəssisələrinə baş çəkmələr, monitorinqlər, islah işlərində iştirak, penitensiar müəssisələrə aid normaların təkmilləşdirilməsi üzrə fəaliyyət və s. sahələr aiddir.

Ədliyyə Nazirliyinin İdarə rəisi Faiq Qurbanov deyib ki, İctimai Komitənin tərkibi formalaşdırılarkən müraciət edən QHT-lərin proqram və təklifləri Seçki Komissiyası tərəfindən öyrənilir və qiymətləndirilir. Bu sahədə təcrübəsi olan, ölkədə və xaricdə tanınan QHT-lər Komitəyə üzv qəbul olunur.

Qurbanov insan hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lərin bu komitədə təmsil olunmağa maraq göstərməməsindən narazılığını bildirib.

Onun sözlərinə görə, ötən tərkib formalaşdırılarkən 16 QHT komitədə təmsil olunmaq üçün müraciət edib, onlardan 8-i bu quruma qəbul olunub.

"Ölkədə 2500-dən artıq QHT qeydiyyata alınıb. Lakin onların əksəriyyəti səmərəli fəaliyyət göstərmir. Bu səbəbdən də İctimai Komitənin hər iki tərkibi təqribən eyni QHT-lərdən təşkil olunub. Ümid edirik ki, növbəti tərkib formalaşdırılarkən müraciət edən hüquq müdafiə təşkilatlarının sayı çox olacaq", - deyə idarə rəisi vurğulayıb.

İctimai Komitənin toplantısında komitə üzvlərinin hesabatları dinlənilib və qeyd olunub ki, romitə gələcək fəaliyyətində məhkumların islahı prosesində daha yaxından iştirak etməli və yeni layihələr həyata keçirməlidir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti