Azərbaycan, Bakı 29 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda məhkəmələr həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatların böyük əksəriyyətini təmin edir.
Bu barədə İnsan Hüquqları üzrə Hüquqşünaslar Komitəsinin bu il mayın 15-dən başladığı "Cinayət prosesində tərəflərin bərabərliyinin monitorinqi" layihəsi çərçivəsində gördüyü işlər barədə yaydığı məlumatda bildirilir.
Məlumata görə, ötən 5 ay müddətində məhkəmələr həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluq orqanları tərəfindən təqdim olunmuş 540 təqdimatı təmin edib, 6 təqdimatı isə başqa növ qətimkan tədbiri ilə əvəzləyib. İttiham tərəfi məhkəmələrin qəbul etdiyi qərarlardan 1 protest verib, apellyasiya instansiyası məhkəməsi protesti təmin edib.Müdafiə tərəfi isə cəmi 7 qərardan şikayət verib, 6 şikayət rədd edilib, 1 şikayət təmin edilib. Məhkəmələrdə baxılan təqdimatların 33-ü böyük ictimai təhlükə törətməyən, 363-ü az ağır, 126-sı ağır və 24-ü xüsusilə ağır cinayətlərə aid olub.
Ötən 5 ay ərzində ümumən 52 rayon (şəhər) və hərbi məhkəmələrdə monitorinq aparılıb və bu proses hazırda da davam edir. Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə Azərbaycanda həbs qətimkan tədbirinin seçilmə faizinin yüksək olmasından narahatdır. O hesab edir ki, məhkəmələr lazım olmayan hallarda əsassız həbs qərarları qəbul edirlər. "Bu səlahiyyət hakimlərə veriləndən sonra həbslə bağlı qərarların sayı azalmalı idi. Amma təəssüflər olsun ki, bu göstərici dəyişməyib", - deyə Ağazadə vurğulayıb.
Ali Məhkəmənin hakimi deyir ki, məhkəmələr həbslə bağlı qərarlar çıxararkən qərarlarını əsaslandırmırlar. Cinayətin ağırlığının həbsin seçilməsinə əsas olmadığını vurğulayan hakim bildirib ki, Daxili İşlər Nazirliyinin Mütəşəkkli Cinayətkarlıqla Mübarizə İdarəsinin təqdimatları ilə məhkəməyə göndərilən işlərdə bir qayda olaraq həbs seçilir.
Ali Məhkəmənin hakimi Vəfaiddin İbayev deyib ki, şəxsi azadlıqdan məhrum etmək üçün onun hüquq pozuntusu törətməsinə əsaslı şübhə olmalıdır. Yalnız belə hallarda azadlıqdan məhrum etmə kifayət qədər əsaslandırılmış və qanuni hesab olunur. "Azadlıqdan məhrum edilmə hisslərə, instinktlərə əsaslanmamalıdır", - deyə Ali Məhkəmənin hakimi vurğulayıb.
Vəkil Rəşid Hacılının sözlərinə görə, Avropa Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı president hüququnun yerli məhkəmələr tərəfindən tətbiq edilməməsi bu sahədə müəyyən problemlər yaradır. Vəkilin sözlərinə görə, ya məhkəmələr bu barədə Avropa Məhkəməsinin təcrübəsindən xəbərsiz olur, ya da prokurorluq obyektiv qərarın qəbul olunmaması üçün məhkəməyə təzyiq göstərir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]