Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir K. Zərbalıyeva/ Azərbaycanla bir neçə ölkə arasında hüquqi yardım haqqında müqavilələrin imzalanması nəzərdə tutulub.
Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qasımov Trend -a bildirib ki, Azərbaycanla Əlcəzair arasında "Cinayət işləri üzrə hüquqi yardım"və "Ekstradisiya haqqında" müqavilə layihələri razılaşdırılıb.
İdarə rəisi deyib ki, yaxın zamanlarda həmin müqavilənin imzalanacağı gözlənilir.
Azərbaycanla Mərakeş Krallağı arasında "Mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq", "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım"və "Ekstradisiya haqqında" müqavilələr, həmçinin, iki ölkənin Ədliyyə Nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş layihələrinin razılaşdırılması üzrə danışıqlar aparılır.
Qafarov deyib ki, Səudiyyə Ərəbistanına səfər çərçivəsində, iki ölkə arasında "Məhkəmə və hüquqi yardım haqqında" Müqavilə və Ədliyyə Nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş layihələri üzrə danışıqlar aparılıb. Nəticədə, hüquqi yardım haqqında Müqavilə üzrə ümumi razılıq əldə olunub, saziş layihəsi tam razılaşdırılıb.
Azərbaycanla Hindistan arasında "Cinayət işlərində qarşılıqlı hüquqi yardım haqqında", "Mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında" və "Ekstradisiya haqqında" Müqavilə layihələrinin, Ədliyyə Nazirliyi ilə Pakistan Hökumətinin Hüquq, ədliyyə və insan hüquqları Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu və "Azadlıqdan məhrum edilmiş şəxslərin cəzalarının qalan hissəsinin çəkmək üçün verilməsi haqqında" Müqavilə layihələrinin razılaşdırılması məqsədilə müvafiq tədbirlər davam etdirilir.
Qafarov bildirib ki, Azərbaycanın və Almaniyanın Ədliyyə nazirlikləri arasında hüquqi əməkdaşlığa dair saziş razılaşdırılıb.
Nazirlik rəsmisi deyib ki, Cənubi Koreya və Yaponiya ilə hüquqi yardıma dair müqavilə layihələrinin, həmçinin, həmin ölkələrin və İndoneziyanın ədliyyə nazirlikləri ilə əməkdaşlıq haqqında saziş layihələrinin razılaşdırılması istiqamətində tədbirlər görülür.
Azərbaycan Ədliyyə Nazirliyi idarələrarası xarakter daşıyan 20 - dən artıq ölkənin, o cümlədən Avstriya, İtaliya, Fransa, Niderland, Çin, Misirin Ədliyyə Nazirlikləri ilə əməkdaşlıq haqqında Sazişlər çərçivəsində əməkdaşlıq edir. Bu əməkdaşlıq haqqında sazişlər, əsasən, ədliyyə fəaliyyətinin müxtəlif sahələri üzrə təcrübə mübadiləsi, hakimlərin, ədliyyə işçilərinin və digər hüquqşünasların ixtisasının artırılması və sair tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
İtaliya, Fransa, Rumıniya, Çin, Avstriya, Rusiya Federasiyası, Niderland Krallığı, Litva və başqa dövlətlərlə Azərbaycan arasında ədliyyə nazirlikləri səviyyəsində qarşılıqlı əməkdaşlıq müqavilələri var.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]