...

Azərbaycanlı şairənin Türkiyədə "Bitmeyen hazan" adlı şerlər kitabı çap edilib

Cəmiyyət Materials 26 Noyabr 2008 11:43 (UTC +04:00)
Azərbaycanlı şairənin Türkiyədə "Bitmeyen hazan" adlı şerlər kitabı çap edilib

Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir K.Zərbalıyeva / Azərbaycanın tanınmış şairəsi Xəzangül Hüseynovanın Türkiyədə "Bitmeyen hazan" adlı şerlər kitabı çap edilib. Ankara şəhərində, Bengü nəşriyyatında nəfis şəkildə çap edilən kitabın redaktoru Cihan Özdəmir, korrektoru Murat Sözerdir.

Xəzangül Hüseynova ilə Türkiyə oxucuları 1989-cu ildən tanışdılar. Onun şerləri o vaxtdan bəri Ankarada "24 saat", "Kiçik çəkməci", "Cankaya" qəzetlərində, İstanbulda nəşr edilən jurnallarda çap olunub. Bundan əlavə, həmin illərdə İraqın mətbu orqanlarında ("Yurd" qəzetində) şerləri çap edilib.

"Bitməyən hazan" kitabında müəllifin şerləri lüğət izahı ilə verilib. Kitab Azərbaycan ədəbiyyatının təmsilçisi olan şairin kitabı kimi təqdim olunub. Nəşrin ön sözü Gültəkin Fazilqızının, "Şiir semasından doğan Hazangülün söz saltanatı" adlı yaradıcılıq təhlili şair Aydın Murovdağlılındır. Türk oxucuları tərəfindən çoxdan tanınan və qiymətləndirilən şairənin müəllifi olduğu kitabda oxuculara vətənpərvərlik, məhəbbət mövzulu, tarixi, dini şerləri təqdim olunub.

Kitabın son səhifəsindəki təqdimatında qeyd olunub ki, Azərbaycan ədəbiyyatının önəmli şairlərindən biri olan Xəzangül həyatı boyunca dövrün haqsızlığına, "insan"ların ikiüzlüyünə, cəmiyyətin nöqsanlarına üsyan edib.

Bu, Xəzangülün sayca yeddinci, xarici ölkələrdə nəşr edilən ikinci kitabıdır. Şairənin bundan öncə Gürcüstanda "Şubhələr" adlı kitabı çap edilib.

Şairə Xəzangülün şerləri ilk dəfə ötən əsrin 70-ci illərinin əvvəllərindən çap olunmağa başlayıb. 1988-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti