Azərbaycan, Bakı, 27 noyabr / Trend Life, Şahin Cavadsoy/ Daha bir türk müğənnisi Bakıda həmişəlik qalmaq istədiyini bildirib. Bu, məşhur türk müğənnisi Ebru Gündeşdir.
Çərşənbə günü, noyabrın 26-da Ebru Gündeş Heydər Əliyev adına sarayda "Evet" adlı konsert proqramı ilə çıxış edib.
Ayhan Şenyaylarının rəhbərlik etdiyi 17 musiqiçinin də yer aldığı kollektivlə gələn müğənni çıxışı ilə yüksək sənət nümayiş etdirib.
"Evcilik oynayamam", "Harika", "Evet" adlı yeni hitlərindən sonra müğənni tamaşaçıların sevdiyi "Tanrı misafiri", "Demir atdim yalnızlıga" mahnılarını ifa edib.
Konsertdə Türkiyənin "Star" telekanalı ilə nümayiş olunan "Popstar Alaturka-1" yarışmasında respublikamızı təmsil edən azərbaycanlı müğənni Aygün Şükürova (Mahmudova) da iştirak edib.
Ebru Gündeş onun repertuarından "Kaçak" adlı mahnını ifa edən azərbaycanlı həmkarının sənətini yüksək qiymətləndirib.
Öz növbəsində türkiyəli pop-ulduz azərbaycanlı bəstəkar Ə.Tağıyevin "Sən gəlməz oldun" və "Daşlı qala" xalq mahnısını ifa edib. Ümumilikdə müğənni 50 mahnısını tamaşaçıların ixtiyarına təqdim edib.
Müğənni tamaşaçılarla sərbəst davranıb, səhnədən bir sıra maraqlı açıqlamalar verib: "Sizdən nə qədər müsbət enerji aldığımı sözlə ifadə etmək çətindir. Buna görə də pərəstişkarlarımın sevgisinə cavab olaraq, Bakıda ev alıb, burada yaşayacağam".
Türk estradasının ulduzu Ebru Gündeşi "Art Community" prodüser mərkəzinin rəhbəri Elman Sidqiyyəyev dəvət edib.
Ebru Gündeş 1974-cü il, oktyabrın 12-də anadan olub. Onun musiqi istedadı kiçik yaşlarından özünü göstərib. Bir dəfə ailələrinin Raks musiqi mərkəzində çalışan tanışı, Gündəşlə anasının prodüser Neşe Demirkatla görüşünü təşkil edib. Gələcək ulduzun səsi həmin andaca prodüserin xoşuna gəlib və o, qıza konsretlərdən birində çıxış təklif edib. Beləliklə, Gündəş prodüserlər Koral Şantaş və Selcuk Tekayla çalışmağa başlayıb. Müğənninin ilk albomu "Tanri Misafiri" 1994-cü ildə 1.250.000 tirajla buraxılıb.
Türk pop-ulduzu Ebru Gündeşin konsertinə informasiya dəstəyini Trend Life agentliyi təşkil edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]