...

Azərbaycanın "Xəzər-Lənkəran" klubunun prezidenti PFL-in qərarından narazı qalıb

Cəmiyyət Materials 2 Dekabr 2008 11:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubunun prezidenti Mais Mənsimov Peşəkar Futbol Liqasının (PFL) qərarından qəzəblənib.

Trend "Xəzər-Lənkəran"ın rəsmi saytına istinadən xəbər verir ki, Mənsimov "Simurq"la oyunun baş hakimi Zöhrab Qədiyevin yüksək qiymət almasından narazı qalıb.

"Futbol funksionerlərindən hər şey gözləyirdik. Onsuz da ədalətsiz qərarlara öyrənmişik. Lakin bu qədər də dərinə gedəcəklərini gözləmirdik. Axı Qədiyevin idarəçiliyinə hansı əsasla 7,9 bal vermək olar?", - deyə Mənsimov bildirib.

Trend -un arayışı: "Simurq" - "Xəzər-Lənkəran" oyunu 2:2 hesabı ilə başa çatıb. Oyundan sonra qonaq komanda qapılarına birinci qol vurularkən rəqibin oyunçusu David Volkvadzenin əllə oynadığını, ikinci hissədə "Xəzər-Lənkəran"ın futbolçuları - Rahid Əmirquliyevlə Ramulo Silvanoya qarşı kobudluq edilsə də, matçın baş hakimi Zöhrab Qədiyevin 11 metrlik cərimə zərbəsi təyin etmədiyini iddia edib.

Klub prezidenti hesab edir ki, hakim oyunun nəticəsinə təsir edən qərar verib.

"Bütün ölkə gördü ki, Qədiyev doğurdan da nəticəyə təsir edən səhvlər edib. PFL bununla təhlükəli vəziyyət yaradır. Artıq bütün hakimlər Azərbaycanda hətta ən kobud səhvlərin asan bağışlandığını gördü", - o deyib.

PFL-in prezidenti Ramin Musayev dünən Trend -a açıqlamasında "Xəzər-Lənkəran"ın etirazlarının əsassız olduğunu və hakimin haqlı qərarlar qəbul etdiyini deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti