...

Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hesabatını açıqlayıb

Cəmiyyət Materials 13 Yanvar 2009 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və İşçi qrupu 2008-ci ilin yekunlarına dair hesabatını açıqlayıb.

"İl ərzində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış, lakin Beynəlxalq Qırmızı Xaç Komitəsində qeydiyyatdan keçməyən 295 Azərbaycan vətəndaşı ilə bağlı materiallar BQXK-ya göndərilib", - hesabatda bildirilir.

Sənəddə qeyd edilir ki, itkin düşmüş şəxslərin axtarışı istiqamətində aparılan araşdırmalar nəticəsində il ərzində Dövlət Komissiyasında itkin kimi qeydiyyatdan keçən 162 nəfərin taleyi müəyyən olunub (2005-ci ildən ötən müddət ərzində 846 nəfər), adları siyahıdan çıxarılıb: "Onlardan 57 nəfərin sağ, 45 nəfərin döyüşlərin gedişində həlak olduğu və yaxınları tərəfindən tanınaraq dəfn edildiyi, 60 nəfərin adının siyahıda təkrar keçdiyi müəyyənləşdirilib. Həmçinin, araşdırmalar zamanı 18 nəfərin döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilib, adları müvafiq siyahıya salınıb. 2008-ci il dekabrın 25-nə olan məlumata görə, 4210 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçir", - hesabatda vurğulanır.

Bildirilir ki, araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınan 39 nəfərin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsinin ehtimal olunduğu müəyyənləşdirilib, bu barədə arayışlar tərtib edilib.

Dövlət Komissiyasının hesabatında qeyd edilib ki, 2008-ci il martın 9-da Tovuz rayonu istiqamətində Ermənistan hərbçiləri tərəfindən əsir götürülən, Azərbaycan Ordusunun əsgəri, 1988-ci il təvəllüdlü Yaqub Allahverdi oğlu Muxtarov 2008-ci il aprelin 23-də,  aprelin 11-də Ağdam rayonu istiqamətində Ermənistan hərbçiləri tərəfindən əsir götürülən, Azərbaycan Ordusunun əsgəri, 1989-cu il təvəllüdlü Vüsal Şirsultan oğlu Heybətov mayın 3-də, martın 1-də Ağstafa rayonu istiqamətində girov götürülən mülki şəxs, 1975-ci il təvəllüdlü Arzu Nurəddin oğlu Eyyubov avqustun 14-də azad olunaraq Vətənə qaytarılıb. "Bundan başqa, noyabrın 15-də Füzuli rayonu istiqamətində Ermənistan hərbçiləri tərəfindən atəşkəsin pozulması zamanı şəhid olmuş Azərbaycan Ordusunun əsgəri, 1988-ci il təvəllüdlü Orxan Fərhad oğlu Şəmilovun meyidi noyabrin 19-da qarşı tərəfdən alınaraq yaxınlarına təhvil verilib. 2007-ci il avqustun 4-də Tərtər rayonu ərazisində, qoşunların təmas xəttində saxlanılan, Ermənistan Silahlı Qüvvələrinin əsgəri, 1984-cü il təvəllüdlü Asatryan Ambarsum Mnatsakanoviç 2008-ci il yanvarın 25-də, 2008-ci il aprelin 19-da Naxçıvan Muxtar Respublikası ərazisində saxlanılmış Ermənistan hərbçiləri - 1987-ci il təvəllüdlü Yenukyan Ağası Atamoviç, 1986-cı il təvəllüdlü Zöhrabyan Artyom Andranikoviç, 1983-cü il təvəllüdlü Torosyan Karen Civanoviç, 1986-cı il təvəllüdlü Qxnbayan Vano Nikolayeviç avqustun 4-də, mayın 16-da Xocavənd rayonu istiqamətində saxlanılmış mülki şəxs 1981-ci il təvəllüdlü Qabrielyan Hrant Samveloviç  avqustun 19-da qarşı tərəfə qaytarılıb", - sənəddə qeyd edilir.

Dövlət Komissiyasının araşdırması nəticəsində 1 nəfərin 1993-cü ildə əsirlikdən azad olunması faktı aşkarlanaraq adı siyahıya alınıb, 1 nəfərin isə əsirlikdə olmaması faktı Milli Təhlükəsizlik Nazirliyinin aidiyyatı idarəsi tərəfindən müəyyənləşdirildiyi üçün adı siyahıdan çıxarılıb. 2008-ci il dekabrın 25-nə olan məlumata görə, 1396 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçir.

Ötən il Dövlət Komissiyasında olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 850 nəfər barədə sorğular göndərilib. Bu kateqoriyadan olan 1190 nəfərin "şəxsi iş"i yaradılıb.

2008-ci ildə itkin düşmüş 31 vətəndaşın valideynləri tərəfindən Respublika prezidentinə, Heydər Əliyev Fonduna, Dövlət Komissiyasının sədrinə və digər dövlət orqanlarına ünvanlanan ərizələrə baxılıb, qaldırılan məsələlər araşdırılıb, görülən işlərlə əlaqədar Prezidentin İcra Aparatına, Heydər Əliyev Fonduna, digər aidiyyatı orqanlara və vətəndaşlara məlumatlar verilmişdir.

Dövlət Komissiyasına müraciət edən 156 itkinin qohumu İşçi qrupda qəbul olunub, onlara yaxınlarının axtarışı ilə əlaqədar görülən işlər barədə ətraflı məlumatlar verilib, itkin düşmə şəraitləri barədə əlavə məlumatlar alınaraq sənədləşdirilib, anket vərəqələri doldurulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]



Xəbər lenti

Xəbər lenti