...

Azərbaycanın Salyan rayonunda müasir texnologiyalı sutəmizləyici qurğular istifadəyə verilib

Cəmiyyət Materials 27 Fevral 2009 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir C.Babayeva / Azərbaycanın Salyan rayonunun Boranıkənd, Sarvan və Marışlı kəndlərində cümə günü "Hyundai" şirkətinin istehsalı olan ən müasir "osmos" texnologiyalı sutəmizləyici qurğular istifadəyə verilib.

"Gün ərzində 40 m3 su təmizləmə gücünə malik modul tipli qurğunun fəaliyyəti nəticəsində Salyan rayonunun üç kəndinin əhalisinin təmiz içməli sudan istifadəsi mümkün olacaq" - sutəmizləyici qurğuların açılış mərasimində iştirak edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.  

Onun sözlərinə görə, Boranıkənd kəndinin 2020 nəfər əhalisi 16 bulaq, Sarvan kəndinin 2467 nəfər əhalisi 11 bulaq, Marışlı kəndinin 2020 nəfər əhalisi isə 12 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcək. 

Trend -un arayışı: Azərbaycan Prezidentinin 2007-ci il 20 iyun tarixli "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" Sərəncamında Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi nəzərdə tutulub. Sərəncamın icrası nəticəsində keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli sutəmizləyici qurğuların quraşdırılması hesabına 166 min kənd əhalisinə verilən suyun Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənməsi nəzərdə tutulur. Hazırda daha 12 rayonun 50 yaşayış məntəqəsinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Prezidentin Sərəncamının icrası istiqamətində 2007-ci ildə Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 50 yaşayış məntəqəsinin 55 mindən çox əhalisi təmiz içməli su ilə təmin olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti