...

Maliyyə müsabiqəsində qrant ala bilməyən təşkilatların tənqid və təklifləri əsaslı olmalıdır – Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri

Cəmiyyət Materials 9 Aprel 2009 15:28 (UTC +04:00)
Maliyyə müsabiqəsində qrant ala bilməyən təşkilatların tənqid və təklifləri əsaslı olmalıdır – Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri hesab edir ki, 2009-cu il üçün elan edilən maliyyə müsabiqəsində qrant ala bilməyən QHT-lərin tənqid və təklifləri əsaslı olmalıdır.

"Fikir ayrılığının yaranmasını təbii qəbul edirəm. Narazı qeyri-hökumət təşkilatları müəyyən mənada əsaslandırılmış və ya əsaslandırılmamış ittihamlarla çıxış edir. İstərdik ki, tənqid və təkliflər əsaslı olsun. Bunlar bizim işimizə müsbət təsir göstərəcək", - Yeni Nəsil Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Qafqaz Media Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunan debatda Şuranın sədri Azay Quliyev bildirib.

Trend -un arayışı: 2009-cu ildə elan olunan maliyyə müsabiqəsində iştirak etmək üçün Şuraya 569 QHT-dən layihələr təqdim olunub. Bu QHT-lərin 212-si 2008-ci il maliyyə yardımı müsabiqəsində iştirak edib. 357 QHT isə müsabiqəyə ilk dəfə layihə təqdim edib. Müsabiqənin nəticələrinə görə, 226 layihə qalib elan olunub və onlara 1 milyon 848 min manat veriləcək.

2008-ci ildə isə Şuraya 365 təşkilat layihə ilə müraciət edib, 190 təşkilat müsabiqənin qalibi olub.

Bəzi QHT-lər maliyyə müsabiqəsinin şəffaf keçirilmədiyini iddia edirlər. Ona görə də Yeni Nəsil Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Qafqaz Media Mərkəzinin birgə təşkilatçılığı ilə bu gün debat təşkil olunub.

Quliyev deyib ki, bütün haqlı əsaslandırılmış obyektiv təkliflər araşdırılacaq və tərəfimizdən narazı QHT-lər Şuranın gələcək fəaliyyətindəki işinə cəlb ediləcək.

"Şantaj, böhtan yolu tutan QHT-lərin mövqeyinin dəyişməsi üçün ciddi iş aparacağıq", - Quliyev əlavə edib. Quliyev Şuranın qəbul etdiyi qərarların ideal olmadığını bildirsə də, bunlara ekspertlərin rəy verdiyini deyib.

"Layihələrə ekspertlər rəy verib və bu, onların subyektiv fikirləridir. Ona görə də qiymətləndirmədə subyektiv fikirlərin olması mümkündür", - Şura sədri əlavə edib. Quliyev narazı QHT-lərin apellyasiya şikayəti verməsinin mümkünlüyünü deyib və bu şikayətlərin obyektiv araşdırılacağını bildirib.

Debatda iştirak edən Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə bildirib ki, Şuranın fəaliyyətində şəffaflıq yoxdur. "Layihələr üç mərhələdə qiymətləndirilib. Amma bu mərhələlərin nəticələrindən ictimaiyyət xəbərsizdir", - Məmmədli əlavə edib.

Azərbaycan Milli QHT Forumunda 500-dək qeyri-hökumət təşkilatı təmsil olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti