Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycanda cəza çəkən məhkumlar üçün 6 saylı cəzaçəkmə müəssisəsində yataqxana korpusu istifadəyə verilib.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən cümə günü Trend -a verilən məlumata görə, xidmətin rəisi, ədliyyə nazirinin müavini Nazim Ələkbərov bu gün yeni təmir olunmuş 200 nəfərlik yataqxana korpusuna baxış keçirib.
Korpusda müasir standartlara cavab verən yataqxanalar, sanitar qovşaqları, məhkumların şəxsi əşyalarının saxlanılması və onların özfəaliyyət təşkilatları üçün otaqlar, eləcə də divar qəzetləri və gündəlik mətbuat üçün xüsusi guşə təşkil olunub.
Nazir müavini müəssisənin yeməkxanasına, ibadət və görüş otaqlarına baxış keçirib, məhkumlar və onların valideynləri ilə söhbət aparıb.
Müəssisənin ərazisində qeydiyyat və kadr şöbələri, eləcə də dəftərxana üçün yeni inzibati bina istifadəyə verilib.
Burada qeydiyyat, kadr və kargüzarlıq işinin təşkili üçün normal şərait yaradılıb, otaqlar lazımi qaydada avadanlıqlarla təchiz olunub.
Xidmətin rəisi müəssisədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Penitensiar Xidmətin birgə tədbirlər planına əsasən təşkil olunmuş və 2008-ci ilin may ayından fəaliyyət göstərən kompüter mərkəzinin işi ilə də maraqlanıb.
Mərkəzin fəaliyyəti haqqında məlumat verən müəssisə rəisi Elman Əlişirov bildirib ki, artıq bir neçə buraxılışı olmuş kompüter kursları məhkumların islah olunması və yenidən tərbiyə olunmasında, onların gələcəkdə azad cəmiyyətə qısa müddət ərzində inteqrasiyasında xüsusi əhəmiyyət kəsb edir.
Həmin gün kursları yeni bitirmiş daha 7 məhkuma sertifikat təqdim edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]