Azərbaycan, Bakı, 25 may / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı ilə əlaqədar qəbul olunmuş Amnistiya Aktı ilə indiyədək üç minə yaxın məhkum azadlığa buraxılıb.
Bu barədə bazar ertəsi Trend -a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin (PX) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Trend -un arayışı: Milli Məclis martın 17-də Mehriban Əliyeva tərəfindən təqdim edilən "Novruz bayramı ilə əlaqədar amnistiyanın elan olunması haqqında" qanun layihəsini qəbul edib.
İlkin məlumata görə, Amnistiya Aktı 9 min məhbusa tətbiq olunacaq, 1700 məhbus azadlığa buraxılacaq.
PX tərəfindən icrası həyata keçirilən 3 cəza növü üzrə amnistiya tətbiq ediləcək məhkumların dəqiq sayı aktın icrasının yekununda məlum olacaq.
İdarədən bildirilib ki, azadlığa buraxılanların 1710 nəfəri cəzaçəkmə və məntəqə tipli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrumetmə növündə, 1277-si azadlığın məhdudlaşdırması növündə xüsusi müəssisələrdə cəza çəkən məhkumlardır.
Azad olunan məhkumların 30-u qadındır.
Trend -un arayışı: 1995-ci ildən indiyə qədər 8 Amnistiya Aktı qəbul olunub və bu, 80 minə yaxın məhkuma şamil olunub. Onlardan 39 mindən artıq məhkum azadlığa buraxılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]