...

Azərbaycanda iki gənc barəsində məhkəmə hökmü onların xuliqanlıq hərəkətlərinə görə çıxarılıb – hüquq müdafiəçisi

Cəmiyyət Materials 16 Noyabr 2009 16:37 (UTC +04:00)
Azərbaycanın tanınmış hüquq müdafiəçisi Çingiz Qənizadə Emin Abdullayev və Adnan Hacızadə barəsində çıxarılan məhkəmə hökmü ilə bağlı onların müdafiəçilərinin, xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilatların bəyanatlarına münasibət bildirib.
Azərbaycanda iki gənc barəsində məhkəmə hökmü onların xuliqanlıq hərəkətlərinə görə çıxarılıb – hüquq müdafiəçisi

Azərbaycan, Bakı, 16 noyabr / Trend /

Azərbaycanın tanınmış hüquq müdafiəçisi Çingiz Qənizadə Emin Abdullayev və Adnan Hacızadə barəsində çıxarılan məhkəmə hökmü ilə bağlı onların müdafiəçilərinin, xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilatların bəyanatlarına münasibət bildirib.

- Mətbuatda belə fikir səslənir ki, Emin Abdullayev və Adnan Hacızadənin həbsi onların ictimai fəaliyyəti ilə bağlıdır. Sizin bu cür fikirlərə münasibətiniz necədir?

- Məndə olan məlumata görə, Emin Abdullayev və Adnan Hacızadənin barələrində qaldırılan cinayət işi xuliqanlıq faktı ilə bağlıdır. Məhkəmə iclasları ilə bağlı mətbuatda gedən məlumatlardan da onların ictimai fəaliyyətlərinə görə məsuliyyətə cəlb olunduqları görünmür. Məncə, bu cür fikirlərin heç bir əsası yoxdur.

- Mətbuatda xarici ölkə nümayəndəlikləri və xarici siyasət qurumlarının bəyanatlarına istinadən gedən materiallarda qeyd olunur ki, iş üzrə istintaq və məhkəmə prosesi qeyri-şəffaf və qapalı şəraitdə aparılıb. Bununla bağlı nə deyə bilərsiniz?

- Hər hansı iş üzrə istintaq prosessual qanunvericiliyə uyğun olaraq keçirilməlidir. İstintaq hərəkətləri təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin iştirakı ilə aparılmalıdır. Müdafiə tərəfi işin bütün materialları ilə tanış edilməlidir. Əgər bu əsas tələblərə riayət olunursa, istintaqın qeyri-şəffaflığı barədə danışmaq olmaz. Yəni istintaq prosesi tərəflər üçün şəffaf olmalıdır. O ki qaldı istintaqın ictimaiyyət üçün açıq olması fikrinə, mən bu günə qədər eşitməmişəm ki, hansısa ölkədə ictimaiyyət cinayət işi üzrə istintaq barədə təfərrüatlarla məlumatlandırılsın. Ona görə də hesab edirəm ki, istintaqın şəffaf olmaması ilə bağlı iddialar bir qədər anlaşılmazdır.

Məhkəmə prosesi ilə bağlı qeyd etməliyəm ki, mən onun gedişini mətbuatda diqqətlə izləmişəm. Mən bu işin mahiyyətinə baxılması ilə bağlı hər hansı məhkəmə iclasının qapalı keçirildiyinə dair heç bir məlumata rast gəlməmişəm. İş üzrə məhkəmə iclasları ictimaiyyətin, o cümlədən beynəlxalq təşkilatların və xarici ölkələrin səfirliklərinin nümayəndələrinin iştirakı ilə keçirilib. Hesab edirəm ki, məhkəmə prosesinin qapalı olması barədə məlumatlar əsassızdır.

- Məhkəmənin hökmü çıxarıldıqdan sonra Avropa Şurasının baş katibi, bir sıra səfirliklərin və xarici ölkələrin nümayəndələri həmin hökmlə və ümumiyyətlə məhkəmə prosesi ilə bağlı bəyanatlar veriblər. Siz bu bəyanatları necə qiymətləndirirsiniz?

- Xarici ölkələrin səfirlikləri tərəfindən "blogerlərin işi" üzrə məhkəmə prosesi ilə bağlı faktlara söykənməyən, məsələni siyasətləşdirməyə yönəlmiş bəyanatların verilməsi birmənalı olaraq Azərbaycanın məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətinə qərəzli yanaşma və onlara təzyiq kimi qiymətləndirilməlidir.

Azərbaycanda "yeni siyasi məhbusların" yaradılması barədə Almaniya səfirliyinin yaydığı bəyanatla bağlı qeyd olunmalıdır ki, hətta Avropa Şurasının Azərbaycanda "siyasi məhbuslar" məsələsi üzrə məruzəçisi Kristof Ştrasser öz bəyanatlarında bu ifadədən istifadə etməyib. Hüquqi tərifi olmayan, uzun müddət ərzində hüquqi mübahisələr doğuran termindən istifadə edilməsi adi cinayət işinin hüquqi müstəvidən siyasi müstəviyə keçirilməsi cəhdi kimi qiymətləndirilməlidir. Bununla belə, Almaniyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi onu deməyi unudur ki, hazırda Almaniyanın özündə də bir nəfər bloger həbsdədir. Avropanın digər ölkələrində də blogerlərin həbsdə olmaları haqqında məlumatlar az deyil.

Mən artıq Emin Abdullayev və Adnan Hacızadənin barələrində cinayət işinin və məhkəmə prosesinin onların ictimai fəaliyyətləri ilə bağlı olması barədə iddialar haqqında öz fikrimi söylədim. Zənnimcə, Avropa Şurasının baş katibi Torbyorn Yaqland öz bəyanatında belə əsaslandırılmamış fikri səsləndirməməli idi.

Ümumiyyətlə, məhkəmə prosesindən və ya məhkəmə hökmündən narazı qalan tərəf öz mövqeyini müdafiə etmək üçün onun sərəncamında olan bütün hüquqi vasitələrdən istifadə edə bilər. Bu cür bəyanatlar isə müdafiə tərəfini hüquqi vasitələrdən istifadə etməkdən çəkindirir, son nəticədə isə müdafiənin qeyri-səmərəli olmasına gətirib çıxarır. Bu baxımdan beynəlxalq təşkilatların və xarici ölkə səfirliklərinin bəyanatlarının bu iki gəncin azad olunmasına müsbət təsir göstərəcəklərinə inanmıram. Əksinə, belə bəyanatlar məhkum olunmuş şəxslərin azadlığa çıxmasını ləngidir.

Məncə, iki gənc və onların müdafiəçiləri tərəfindən məhkəmə hökmündən hüquq çərçivəsində şikayətin verilməsi daha məhsuldar olar. Ümid edirəm ki, yuxarı instansiya məhkəmələri humanist yanaşma nümayiş etdirəcək və bu iki gənc tezliklə azadlığa buraxılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti