Azərbaycan, Bakı, 07 yanvar / Trend , müxbir H.Bağırov/
Azərbaycanda 80 yaşlı qocanı xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Rusiya vətəndaşının məhkəməsi başlayıb.
Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 27 yaşlı Rusiya Federasiyasının vətəndaşı Rəşan İslam oğlu İsrafilovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmə baxışı yanvarın 14-nə təyin edilib.
2009-cu il oktyabrın 21-də Bakının Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, Xanlar küçəsi, ev 21-də 80 yaşlı Rafiq Əliyevin meyiti tapılıb.
Aparılan müayinələr nəticəsində Əliyevin boğaz nahiyəsindən bıçaqla kəsilməsi aşkar edilib.
Əzizbəyov rayon Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törədən 27 yaşlı İsrafilov tutulub.
Müəyyən edilib ki, İsrafilov hadisəni tamah məqsədi ilə törədib. O, Əliyevi qətlə yetirsə də, evdən heç nə tapa bilməyib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə (120.2.4), təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə (120.2.9), quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə (120.2.11), zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq etmək (181.3.3) maddələri ilə ittiham olunur.