...

Azərbaycanın cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyaların keçirilməsi ilə bağlı faktlar aşkarlanıb - Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov (MÜSAHİBƏ)

Cəmiyyət Materials 25 Yanvar 2010 14:39 (UTC +04:00)
Buna baxmayaraq, ayrı-ayrı vətəndaşlar, cəzaçəkmə müəssisələrinin bəzi əməkdaşları, habelə məhkumlar tərəfindən qanunvericiliklə qadağan olunmuş əşyaların ötürülməsi, saxlanması və istifadə olunması cəhdləri hələ də mövcuddur.
Azərbaycanın cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyaların keçirilməsi ilə bağlı faktlar aşkarlanıb - Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Nazim Ələkbərovun Trend -a müsahibəsi

- Son illər cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunmuş əşyaların keçirilməsinin qarşısının alınması ilə bağlı Penitensiar Xidmət tərəfindən ciddi tədbirlər həyata keçirilir. 2009-cu il ərzində aşkar olunmuş belə faktlar barədə ictimaiyyətə məlumatlar verilir. 2010-cu ilin ötən müddəti ərzində bu sahədəki vəziyyət necədir?

- Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ötürülməsi, həmçinin belə əşyaların həmin yerlərdə dövriyyəsi ilə bağlı məsuliyyəti müəyyən edən "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" 25 dekabr 2007-ci il tarixli qanun və həmin qanunun tətbiq edilməsi barədə dövlət başçısının 28 dekabr 2007-ci il tarixli fərmanının icrası istiqamətində zəruri tədbirlər həyata keçirilib. Qanun qüvvəyə mindikdən sonra penitensiar müəssisələrdə və istintaq təcridxanalarında saxlanılan şəxslərlə, habelə onlarla görüşə gələn yaxın qohumları və digər vətəndaşlarla qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər barədə geniş maarifləndirmə işi aparılıb, yeni qanunvericiliyin mahiyyəti izah olunub. Həmçinin, cəzaçəkmə müəssisələrinin müxtəlif xidmət sahələrində çalışan əməkdaşları da yeni qanunvericiliyin tələbləri ilə yaxından tanış edilib, onlara yol verilə biləcək qanun pozuntularına görə məsuliyyət barəsində müfəssəl məlumat verilib.

Buna baxmayaraq, ayrı-ayrı vətəndaşlar, cəzaçəkmə müəssisələrinin bəzi əməkdaşları, habelə məhkumlar tərəfindən qanunvericiliklə qadağan olunmuş əşyaların ötürülməsi, saxlanması və istifadə olunması cəhdləri hələ də mövcuddur.

2010-cu ilin ötən dövrü ərzində də Penitensiar Xidmətin tabe qurumlarına qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Bu əşyaların sırasında mobil telefonlar da mövcuddur ki, bu da özündə cinayət məsuliyyətini ehtiva edir. Həmin dövr ərzində 4 ədəd mobil telefon aşkar edilərək götürülüb. Bu faktlardan ikisi yanvarın 4-də və 6-da Bakı istintaq təcridxanasında, biri yanvarın 2-də həbsxanada, digəri isə yanvarın 4-də 6 saylı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Qeyd etmək istərdim ki, hətta şəxsi istifadə üçün mobil telefonunu müəssisəyə keçirmiş Bakı istintaq təcridxanasının əməkdaşı ədliyyə orqanlarından xaric edilib.

- Yəqin ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mübarizə bu işin tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edir. Bu sahədə hansı işlər həyata keçirilir və 2010-cu ilin ötən dövrü ərzində bununla əlaqədar aşkar olunan faktlar varmı?

- Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə" Dövlət Proqramının icrası istiqamətində zəruri tədbirlər davam etdirilir. Belə ki, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları müvafiq hüquqi ədəbiyyat və antinarkotik təbliğat vasitələri ilə təmin edilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət haqqında cəza çəkənlər və onlarla görüşə gələn şəxslərlə geniş maarifləndirmə işi aparılır, narkomaniyanın törətdiyi fəsadlar barəsində təbliğata geniş yer ayrılır. Lakin həyata keçirilmiş çoxşaxəli kompleks tədbirlərə baxmayaraq, yenə də penitensiar müəssisələrə narkotik vasitələrin ötürülməsi cəhdləri davam edir.

2010-cu ilin ilk günlərindən bu tədbirlər davam etdirilib, Penitensiar Xidmətin və tabeliyindəki müəssisələrin əməliyyat aparatları tərəfindən əldə olunmuş məlumatlar əsasında aparılmış axtarış-baxış tədbirləri nəticəsində 4 belə fakt aşkar olunub.

Yanvarın 1-də 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1979-cu il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3 (oğurluq) maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Dadaşov Anar Natiq oğlunun üzərindən 0,030 qram çəkisi olan narkotik maddə - heroin aşkar edilərək götürülüb. Yanvarın 4-də 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1981-ci il təvəllüdlü, CM-nin 178.2.2; 178.2.4; 178.3 (dələduzluq) maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Dadaşov Emil İsa oğlunun əşyalarından 1,549 qram çəkisi olan narkotik maddə - heroin aşkar edilərək götürülüb. Yanvarın 6-da 6 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 1966-cı il təvəllüdlü, CM-nin 234.4.1; 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixatrop maddələri və onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə təqsirli bilinərək, 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əhədov Tahir Hüssət oğlunun üzərindən 0,189 qram narkotik maddə - heroin aşkar olunaraq götürülüb. Yanvarın 20-də 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1969-cu il təvəllüdlü, CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vəliyev Araz İmanqulu oğlunun üzərindən 0,212 qram çəkisi olan narkotik maddə heroin aşkar edilərək götürülüb.

Aşkar olunmuş faktlarla bağlı istintaq orqanları tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti