...

Azərbaycanda son illər boşananlar iki dəfə artıb - TƏHLİL

Cəmiyyət Materials 16 Fevral 2010 11:29 (UTC +04:00)
Azərbaycanda ötən il nikaha girənlərin 10 faizi boşanıb. Bu da son yeddi ildə boşanma hallarının iki dəfə artdığını göstərir. 2002-ci ildə isə bu göstərici 5 faiz təşkil edib.
Azərbaycanda son illər boşananlar iki dəfə artıb - TƏHLİL

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda ötən il nikaha girənlərin 10 faizi boşanıb. Bu da son yeddi ildə boşanma hallarının iki dəfə artdığını göstərir. 2002-ci ildə isə bu göstərici 5 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, ötən il ölkədə 78,9 min nikah qeydə alınıb. Boşanmaların sayı isə 7,8 min olub.

Azərbaycanda son illər boşanmaların artması narahatlıq yaradıb. Ekspertlər boşanmaların sayının artmasını müxtəlif səbəblərlə əlaqələndirirlər.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli Trend -a bildirib ki, boşanmaların səbəbləri sırasında ilk yeri ailədəki emosional gərginlik, əsassız söz-söhbət, dedi-qodu tutur.

"Oğlana, ya qıza hansısa nömrədən SMS gəlir və bundan lazımsız söz-söhbət yaranır. Bu isə öz növbəsində boşanmaya gətirib çıxarır. Azərbaycan ailəsi üçün boşanmaya yalnız xəyanət səbəb ola bilər. Əvvəlki dönəmlərdə arvad sonsuz olsa belə, kişi arvadını boşamadan, ikinci arvad almaqla problemi həll edirdi",- deyə Komitə sədri bildirib.

Millət vəkili gəlin-qayınana, gəlin-baldız, gəlin-qayın arvadı arasındakı söz-söhbətlərin də çox vaxt boşanma ilə nəticələndiyini deyir.

"Qayınana var ki, oğlunun gəlini ilə xoşbəxtliyinə qısqanır. Yaxud da gəlinlər olur ki, qayınana ilə yola getmir, onun məsləhətlərini dinləmir. Amma gəlin bilməlidir ki, özü də sabah qayınana olacaq",- Rəcəbli deyib.

Onun fikrincə, valideynlər ailə quran gənclərə qarşı diqqətli olmalı, onların mübahisələrini həll etməyə çalışmalıdırlar.

Millət vəkili boşanmaların digər səbəbi kimi, kişilərin pis vərdişlərə (narkomaniya, alkoqolizm) meyl etməsini görür.

Buna baxmayaraq Rəcəbli hesab edir ki, yoldaşını, ailəsini sevən qadın kişini pis vərdişlərdən də xilas etməyə qadirdir.

Bəzən iqtisadi çətinliklər, sosial-məişət problemlərinin də boşanmalarla nəticələndiyini deyən Rəcəblinin fikrincə, maddi sıxıntı ailəni daha möhkəm etməli, ər-arvad bu sıxıntıdan qurtarmaq üçün daha möhkəm birləşməlidir.

"Müharibə dövründə bizim ata-analarımız, nənə-babalarımız da bu sıxıntını çəkiblər. Amma onların birliyi, səyi bu sıxıntının öhdəsindən gəlməyə kömək edib", - Hadı Rəcəbli əlavə edib.

Boşanmaların bir səbəbi kimi erkən nikahları qeyd edən Rəcəbli deyir ki, ötən il nikaha girənlərin 5 minə yaxını 18 yaşa qədər olan şəxslərdir.
"Onlar nikaha, ailə həyatına hazır deyillər. Bu səbəbdən də belə nikahlar uzun sürmür",- deyə Komitə sədri bildirib.

Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev isə Trend -a deyib ki, 10 il əvvəl məhkəmə yolu ilə boşananların böyük əksəriyyəti ayrılmalarının səbəbi kimi xasiyyətlərinin tutmadığını, yola gedə bilmədiklərini əsas gətirirdilər.

"Kişilər isə həyat yoldaşlarını qısqanclıq, valideynlərini yola verməməsi səbəbindən bosayırdılar",- hakim bildirib.

Hakimin sözlərinə görə, yeni qanunvericilikdə nəzərdə tutulub ki, ər-arvad boşanmaq üçün məhkəməyə müraciət edirsə, məhkəmə onların barışması üçün əlavə tədbir görə bilməz.

Tərəflərdən biri boşanmaya razı olmadığı halda, məhkəmə onlara barışıq üçün 3 ay vaxt verir. Bu vaxt ərzində tərəflər barışmazsa, məhkəmə ailənin dağılmaması üçün əlavə tədbir görə bilmir.

Bakı Apelyasiya Məhkəməsindən bildirilib ki, ötən il məhkəmədə nikahın pozulması ilə bağlı 103 işə baxılıb. Baxılan işlərin əksəriyyətində nikahlar tərəflərin bir-birləri və valideynləri ilə yola getməməsi səbəbindən pozulub.

Millət vəkili Elmira Axundova boşanmaların əsas səbəbi kimi ailə institutunun qüsurlu olmasını, ona hörmətin itməsini görür. Bununla belə millət vəkili gənclərin ailə həyatına hazır olmamasını da boşanmaların səbəbi kimi qeyd edir.

"Gənclərin də dözümlülüyü aşağıdır. Çətinliklərə vərdiş etməyiblər. Ona görə də ailədə hansısa çətinliklə üzləşəndə onu həll edə bilmirlər",- millət vəkili Trend -a deyib.

Axundova hesab edir ki, sevgi ailədə olan iqtisadi çətinlikləri, problemləri həll etmək iqtidarındadır. Onun sözlərinə görə, əgər əvvəllər gənclər ailə qurarkən sevgiyə üstünlük verirdisə, müasir dövrdə sevginin yerini oğlanın və ya qızın ailəsinin var-dövləti, imkanı, sosial vəziyyəti tutub.

"İndiki nəsli sevgi az maraqlandırır. İqtisadi çətinliklərdən ailələrin dağılmasını doğru hesab etmirəm. Ailə tanıyıram ki, həm oğlan, həm də qız tərəf çox imkanlı olub, amma ailə dağılıb",- Axundova vurğulayıb.

Millət vəkili gənclərə ailəyə ciddi yanaşmalarını məsləhət görür. O, ailə quran gənclərin dini nikah bağlamasını, nikaha girməzdən öncə ailənin islamda yeri, ər-arvadın qarşılıqlı vəzifələri barədə məlumatlandırılmasını vacib sayır.

Millət vəkili ailədaxili zorakılığın boşanmaların səbəbi kimi çıxış etməsini ciddi saymır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi
İlham Hacıyev deyir ki, bu problemə nikahla müqayisəli şəkildə yanaşılmalıdır.
Onun sözlərinə görə, boşanmalar nikahın 9-10 faizini təşkil edir.

"Problemə nə ifrat nikbin, nə də ifrat bədbin yanaşmaq lazımdır. Avropa dövlətləri ilə müqayisədə Azərbaycanda bu problem aktual deyil. Avropa ölkələrində il ərzində qurulan nikahların 30-40 faizi boşanma ilə nəticələnir",- deyə Komitə rəsmisi bildirib.

O, Azərbaycanda boşanmaları bir neçə səbəblə əlaqələndirib.
Hacıyevin sözlərinə görə, bir qism ailələr uşaq olmaması - sonsuzluq səbəbindən dağılır.
"Bunu təbii qarşılamaq lazımdır. Ailə könüllü ittifaqdır, kimisə bu ittifaqı saxlamağa məcbur etmək olmaz",- deyə baş məsləhətçi bildirib.

Boşanmalara gənc ailələrdə daha çox təsadüf edildiyini deyən Hacıyev hesab edir ki, gənclərə birgəyaşayış, qarşılıqlı hörmət istiqamətində uşaq vaxtlarından maarifləndirmə işi aparılmalıdır. "Orta və ali məktəblərdə bu istiqamətdə maarifləndirməyə ehtiyac var. Avropada ailə institutu məhv olub. Azərbaycanın özünəməxsus ailə institutu formalaşıb, onu qorumaq və daha da möhkəmləndirmək lazımdır", - Hacıyev deyib.

Nikaha girənlərin psixoloji cəhətdən ailə qurmağa hazır olmadığını deyən Komitə rəsmisi hesab edir ki, ailə quranların ortaq hədəfləri olmalı, kompromisə getməyi bacarmalı, ailədaxili funksiyalarını, missiyalarını bilməlidirlər.
Hacıyev də iqtisadi amillərin boşanmaların səbəbi kimi çıxış etməsi fikri ilə razı deyil. "Ailənin təməli möhkəm qoyulursa, ailədə qarşılıqlı hörmət varsa, iqtisadi çətinlik ailənin dağılması üçün ciddi əsas deyil. Müharibə dövründə daha ağır vəziyyətdə yaşayanlar olub, amma ailələr möhkəm olub. Maddi təminatı az olan ailələrdə boşanmalara az rast gəlinir, nəinki imkanı yaxşı olan ailələrdə ",- deyə Hacıyev bildirib.

Psixoloq Azad İsazadə deyir ki, ona müraciət edən qadınların böyük əksəriyyəti ailədaxili zorakılıqdan şikayətlənir. Onun fikrincə, ailələrin dağılmasının əsas səbəbi də məhz ailədaxili zorakılıqdır.

Psixoloq deyir ki, boşanmaların səbəbləri sırasında sonrakı yerləri sosial-məişət, maliyyə problemləri, seksual uyğunsuzluq tutur.

"Seksual uyğunsuzluq bütün boşanmalarda rol oynayır. Birində az, birində çox. Boşanma üçün tək bir səbəb olmur, kompleks səbəblər olur. Seksual uyğunluq olan ailələrdə çox vaxt digər problemlərə göz yumurlar",- deyə İsazadə bildirib.

Psixoloq ailələrin dağılmasına kənar müdaxilələrin, söz-söhbətlərin də təsirini istisna etmir.
"Qayınana, baldız ərin qulağın doldurur, kişi də evdə arvadı döyür. Psixoloji zorakılıq qayınana, baldız tərəfindən, fiziki zorakılıq ər tərəfindən edilir",- deyə psixoloq vurğulayıb.

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlu başanmaların çoxalmasının günahını televiziyalarda görür.

Boşanmaların sayının artmasını təbii qəbul edən İbrahimoğlu deyir ki, telekanallarda verilən bayağı verlişlər, seriallarda mənfi ailə nümunələri təbliğ olunur.

Onun fikrincə, psixoloji, mənəvi dayaqları olmayan insanlara bu təbliğat asanlıqla təsir göstərir.
Mərkəz rəhbəri hesab edir ki, dini maariflənmə aparılmalı, bununla bağlı elmi məruzələr, müzakirələr təşkil olunmalıdır.

Xəbər lenti

Xəbər lenti