Azərbaycan, Bakı, 2 mart / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Haqları üzrə komissarı Tomas Hammarberqin Trend -a eksklüziv müsahibəsi
- Azərbaycana səfərinizin məqsədi nədir və hansı məsələlər müzakirə ediləcək?
- Bir neçə il bundan qabaq Azərbaycana səfər etmişəm və bunun nəticəsində dəyərləndirmə hesabatı hazırlanmışdı. İnternet səhifəmizdə yerləşdirilən hesabatda insan hüquqları baxımından vacib hesab etdiyimiz bütün mühüm sahələr üzrə dəyərləndirmə məlumatı öz əksini tapmışdı. Bu səfərin məqsədi konkret bir neçə sahə ilə bağlı hansı tərəqqinin, dəyişikliklərin baş verdiyini dəyərləndirməkdən ibarətdir. Bu məsələlərdən biri KİV azadlığı və fəaliyyəti, o cümlədən KİV-də plüralizmin, fərqli səslərin eşidilməsinə imkanların yaradılmasıdır. İkinci məsələ məhkəmə sisteminin fəaliyyəti ilə bağlıdır. Bu sistemin fəaliyyəti dedikdə, həmçinin polisin, hüquq-mühafizə orqanlarının fəaliyyətini də əhatə edirik. Ümumiyytlə, bu sistemə üç mərhələli yanaşmamız var. Birinci, hüquq-mühafizə orqanlarının fəaliyyəti, ikinci məhkəmələrin fəaliyyəti, o cümlədən hakimlərin və prokurorların fəaliyyəti daxildir. Üçüncü isə məhkəməyədək və məhkəmədən sonra saxlanılan, təqsirləndirilən və mühakimə olunan şəxslərin saxlandığı penitensiar sistemin fəaliyyətidir. Biz bu sistemin monitorinqi dedikdə, sadaladığımız üç mərhələnin fəaliyyətini nəzərdə tuturuq.
- Azərbaycanda insan haqlarına dair Fəaliyyət Planının yerinə yetirilməsini necə qiymətləndirirsiniz? Son səfərinizdən sonra bu sahədə hansı irəliləyişlər əldə olunub?
- Sözügedən fəaliyyət planı yaxşı bir sənəddir. İlk növbədə, planın dəyəri onun hansı səviyyədə icrasından asılıdır. Buna görə adıçəkilən planda əks olunan və insan haqlarının mühüm sahələrini əhatə edən məsələlər yerinə yetirilməlidir. İnsan haqları mühüm məsələdir. Buna xüsusi diqqət yetirmək lazımdır. İnsan haqları, o cümlədən sosial-iqtisadi haqlar təmin olunarsa, bu, cəmiyyətin inkişafı deməkdir. Ona görə Fəaliyyət Planının qəbulunu alqışlayıram və onun həyata keçirilməsi vacibdir. Bu sahədə Azərbaycanla əməkdaşlıq etməyə hazıram.
- Dağlıq Qarabağ münaqişəsi nəticəsində dörd mindən çox azərbaycanlı itkin düşüb. Bu məsələ sizin Bakıya son səfəriniz zamanı qaldırılıb. Bu məsələyə dair AŞ hansı təsirli tədbirlər görə bilər?
- Dağlıq Qarabağ münaqişəsi iə bağlı bütün məsələlər səfərimiz zamanı qaldırılır. Qeyd olunan məsələni Ermənistana səfər zamanı da müzakirə edirik. Biz təbii ki, münaqişənin həlli prosesinə qarışmırıq. Bununla ATƏT-in Minsk Qrupu məşğul olur. Həmsədr ölkələr bu münaqişənin siyasi həll yolunu tapmaqla məşğuldur. Orada baş verənlərə, o cümlədən həlak olmuş və itkin düşmüş şəxslərin məsələsinə gəldikdə, bunu hər iki tərəflə, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə müzakirə edirik. Təəssüf ki, bu məsələyə dair yeni dəqiq məlumatlara malik deyilik.
- Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. AŞ çərçivəsində onların tapdanmış hüquqlarının bərpa edilməsi üçün hansı mexanizmlər işə salına bilər?
- Bu məsələnin iki aspektinə diqqət yetiririk. Birincisi, bu sahədəki hazırkı vəziyyət, yəni məcburi köçkünlərin hansı şəraitdə yaşaması vəziyyətidir. Bilirik ki, məcburi köçkünlərin şəraiti ilə bağlı mühüm irəliləyişlər əldə olunub. Azərbaycan hökuməti tərəfindən onların yaşadıqları çadır şəhərcikləri ləğv olunub və sosial vəziyyətləri xeyli yaxşılaşdırılıb.
Məsələnin digər tərəfi məcburi köçkünlərin öz yurdlarına - Dağlıq Qarabağ və digər ərazilərə qayıtmq hüququnun reallaşmasıdır. Lakin bu hüququn həlli reallaşmayıb. Deməli, bu hüququn pozuntusu davam edir. Hər kəs başa düşməlidir ki, bu hüququn reallaşması üçün siyasi həlli tələb olunur. Bu isə öz növbəsində vəziyyətin normallaşmasına gətirib çıxaracaq. Məhz buna görə danışıqlar məsələnin tək siyasi deyil, eləcə də münaqişənin humanitar aspektlərini ehtiva edir. Qeyd etmək lazımdır ki, həmsədr ölkələr - ABŞ, Fransa və Rusiya tərəfindən Avropa Şurası olaraq münaqişənin həlli prosesindən kənarda qalmağımız xahiş olunur. Onlar bu məsələni həll etməyi öz üzərlərinə götürüb.
- Ermənistanda 2008-ci il martın 1-də baş verən hadisələrə dair aparılan təhqiqatı necə qiymətləndirirsiniz? Yaxın zamanlarda Ermənistana səfər etmək niyyətiniz varmı?
- Ermənistana bir neçə dəfə səfər etmişəm. Bu məsələni hakimiyyət rəsmiləri ilə müzakirə etmişəm. 1 mart hadisələri zamanı həlak olanların məsələsinə gəldikdə, aparılan təhqiqat buna aydınlıq gətirməyib və bu narahatlıq doğurur. Bu məsələni yaxından izləyirəm. AŞ-nin digər strukturları da bu məsələni nəzarətdə saxlayır. Cari il ərzində Ermənistana səfər etmək niyyətim var, amma dəqiq tarix deyə bilmərəm.