...

ABŞ Dövlət Departamenti Azərbaycanda demokratik təsisatların inkişafını etiraf etməmək mövqeyinə sadiqdir – parlamentin komitə sədri

Cəmiyyət Materials 12 Mart 2010 18:37 (UTC +04:00)
Azərbaycan Parlamentinin komitə sədri hesab edir ki, ABŞ Dövlət Departamenti ölkəmizdə demokratik təsisatların inkişafını və uğurunu etiraf etməmək mövqeyinə sadiqdir.
ABŞ Dövlət Departamenti Azərbaycanda demokratik təsisatların inkişafını etiraf etməmək mövqeyinə sadiqdir – parlamentin komitə sədri

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin komitə sədri hesab edir ki, ABŞ Dövlət Departamenti ölkəmizdə demokratik təsisatların inkişafını və uğurunu etiraf etməmək mövqeyinə sadiqdir.

"Dövlət Depatamenti bu mövqeyinə yenə sadiq qalaraq, Azərbaycanda insan haqlarının vəziyyətini kəskin şəkildə tənqid edir", - cümə günü Trend -a Milli Məclisin İnsan hüqüqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.

ABŞ Dövlət Departamenti 2009-cu il üçün Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatını yayıb.

Hesabatda Azərbaycanda insan haqlarının məhdudlaşdırıldığı vurğulanıb.

Aslanovanın sözlərinə görə, ötən illlər ərzində Dövlət Departamenti Azərbaycanın inkişafı, milli qanunvericiliyin təkmilləşdirilməsində beynəlxalq təcrübədən bəhrələnməklə bağlı heç bir normal analiz verməyib.

"Ona görə də belə hesabatlar açıqlanmazdan əvvəl biz bilirik ki, öz qeyri-obyektiv və qərəzli mövqelərini ortaya qoyacaqlar. Bu, birmənalıdır və yenə də təkrarlandı. Hesabat, hətta əvvəlkilərdən qat-qat qeyri-obyektivdir", - millət vəkili əlavə edib.

Komitə sədri deyib ki, hesabatı hazırlayan ekspertlərin Azərbaycandakı vəziyyət barədə heç bir məlumatının olmadığı bir daha sübut olunur.

"Məsələn, hesabatda yazılır ki, siyasi partiyalar öz qəzetlərini çap etməyə və hüquq müdafiəçiləri öz işlərini görməyə davam edə bilsələr və buna görə də repressiyaya məruz qalmaq qorxusu keçirməsələr də, hökumət bəzi hallarda məmurların və hökumətin addımlarını tənqid edən şəxsləri cəzalandırıb. Müxalifət partiyaları özləri etiraf edirlər ki, qəzetlərini çap edirlər. Hüquq müdafiəçiləri də öz işlərini görürlər. Azərbaycanda mətbuat azadlığı da tam gerçəkləşib", - Aslanova vurğulayıb.

Onun fikrincə, məmurlar tənqid olunsalar da, qəzetlərin heç bir fəaliyyəti məhdudlaşmır.

"Azərbaycanda məmurları tənqid edən qəzetlər nə vaxt cəzalandırılıblar? Bu gün Azərbaycandakı müxalifət qəzetlərinin monitorinqi keçirilərsə, məlum olar ki, neçə ildir yazmalarına baxmayaraq, heç kəsi narahat edən yoxdur. Hətta həm biz, həm də cəmiyyət yazılan yalanlara da alışmışıq. Biz bilirik ki, bunların heç bir mənəvi senzuraları da yoxdur", - Aslanova xatırladıb.

Komitə sədri deyib ki, Azərbaycanda yalnız mənəviyyat senzurası mövcuddur.

"Amma buna baxmayaraq, onların fəaliyyəti heç vaxt məhdudlaşdırılmır. İnanırıq ki, nə zamansa daxillərindəki mənəviyyat qanunu qələbə çalacaq və bunlar yazdıqları yalandan və böhtanlardan əl çəkəcəklər", - o qeyd edib.

Aslanova deyib ki, Azərbaycanda heç bir mətbuat orqanı da bağlanmır.

"Əgər hər hansı mətbuat orqanı öz oxucusunu tapırsa, fəaliyyətini davam etdirir, satılmırsa özü bağlanır. Dövlət bu prosesə qarışmır. Bütün bunlara rəğmən, hesabatda qeyd edilir ki, hökumət müxalifət qəzetlərinə də büdcədən yardım edib. Bundan artıq nə etmək olar, bunun hansısa şərhə ehtiyacı varmı? Bu o deməkdir ki, biz söz azadlığına və fikir müxtəlifliyinə önəm veririk", - millət vəkili bildirib.

Komitə sədri hesabatda polis məntəqələrində, həbsxanalarda bəzi adamların dünyasının dəyişməsi ilə bağlı faktlara da münasibətini açıqlayıb. "Əgər insanlar bilsəydilər ki, həbsxanada nə qədər qalsalar da, heç vaxt dünyalarını dəyişməyəcəklər, onda hamı həbsxanada oturardı. Hər kəsin öz qədər-qisməti var. Heç kəs dünyasını harada dəyişəcəyini müəyyən edə bilmir. Əgər Toğrul Məmmədzadə kimi 70 yaşında bir insan Ədliyyə Nazirliyinin tibb müəssisəsində dünyasını dəyişibsə, onun döyülərək öldürüldüyünü bildirən mötəbər mənbə kimdir? Azərbaycan haqqında iftiralar uyduran həmin mötəbər mənbələrdir. Bu mötəbər mənbə kimdir ki, Dövlət Departamenti onlara xüsusi önəm verir", - Aslanova vurğulayıb.

Onun sözlərinə görə, həmin mötəbər mənbədən fərqli olaraq, Azərbaycana gələn dünyanın ən aparıcı ekspertləri Penitensiar Xidmətdə olan islahatların və uğurların şahidi olurlar.

"Azərbaycan həbsxanalarındakı insanlarla daim görüşən xüsusi ictimai komitə fəaliyyət göstərir və onun üzvləri müxalifət nümayəndələridir. Biz konkret qurumların adlarını çəkirik. Amma Dövlət Departamenti mötəbər mənbələr adı altında Azərbaycana qənim kəsilən adamların qeyri-obyektiv fikirlərinə əsaslanaraq belə hesabatlar hazırlayır", - millət vəkili əlavə edib.

Komitə sədri hesab edir ki, hesabatda prezident seçkiləri, referendum və bələdiyyə seçkiləri ilə bağlı yazılanlar da həqiqətəuyğun deyil.

"Hesabatda qeyd edilir ki, guya Azərbaycanda vətəndaşların öz hakimiyyətini dinc şəkildə dəyişdirilməsi məhdudlaşdırılıb. Nə qədər gülməli arqumentdir. Prezident seçkilərində insanlar öz iradələrini ortaya qoyublar. Belə bir hesabat isə Azərbaycanın hər bir vətəndaşının hüququnu pozur. Çünki Azərbaycan vətəndaşı seçkilərdə öz hüququnu gerçəkləşdirib. Əgər vətəndaşın hakimiyyəti dəyişmək fikri olmayıbsa, deməli gedib öz prezidentini də istəyinə uyğun seçib. Mən şəxsən bu fikirləri bir vətəndaş kimi özümə qarşı təhqir hesan edirəm", - Aslanova xatırladıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti