...

"Fatimeyi-Zəhra" məscidi Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verildi

Cəmiyyət Materials 14 May 2010 15:23 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə "Fatimeyi-Zəhra" məscidi ilə bağlı Prezidentə müraciət etmişdi.
"Fatimeyi-Zəhra" məscidi Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verildi

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Prezidenti tikintisi dayandırılmış və sökülməsinə məhkəmə tərəfindən qərar verilmiş "Fatimeyi-Zəhra" məscidinin tikilisinin Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verilməsi barədə göstəriş verib.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə "Fatimeyi-Zəhra" məscidi ilə bağlı Prezidentə müraciət etmişdi.

Paşazadə məscidin sökülməsi ilə bağlı məhkəmə qərarının icrasının dayandırılması, tikilinin Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verilməsini təklif etmişdi.

"Azərbaycanın mövcud dövlət-din münasibətlərini nəzərə alaraq, İlham Əliyev sözügedən obyektin Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verilməsi barədə göstəriş verib. Prezident, eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti başçısına bu məsələnin həlli ilə bağlı müvafiq tapşırıqlar da verib", - deyə məlumatda bildirilir.

Yeni Günəşli qəsəbəsi, V massivi - 33 ünvanda yerləşən "Fatimeyi-Zəhra" məscidinin sökülməsi ilə bağlı 2 saylı Yerli İqtisad Məhkəməsi Suraxanı Rayon İcra Hakimiyyətinin iddiası əsasında qərar çıxarıb.

Suraxanı Rayon İcra Hakimiyyəti məscidin inşa olunduğu torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə onlara verildiyini və məscidin qanunsuz tikildiyini əsas gətirərək, onun və ərazidəki yardımçı tikililərin sökülməsi tələbi ilə məhkəməyə müraciət edib.

"Fatimeyi-Zəhra" məscidinin tikintisi rayon icra hakimiyyəti tərəfindən dayandırılıb. "Fatimeyi-Zəhra" dini icmasının üzvləri isə məscidə buraxılmır.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1996-cı il tarixli sərəncamı ilə Yeni Günəşli qəsəbəsində "Fatimeyi-Zəhra" məscidinin tikintisi üçün 1 hektar 30 sot torpaq sahəsi ayrılıb.

Lakin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 2002-ci ilin sonunda həmin torpaq sahəsi uzun müddət istifadə olunmadığına görə, sərəncamın ləğv olunması və torpaq sahəsinin Suraxanı Rayon İcra Hakimiyyətinə idman və əyləncə kompleksinin tikintisi üçün ayrılması barədə sərəncam verib.

Suraxanı Rayon İcra Hakimiyyəti həmin torpaq sahəsinin onlara ayrıldığını əsas gətirərək, məhkəməyə müraciət edib.

Son bir ildə Bakıda qanunsuz tikildiyi əsas gətirilərək, Məhəmməd Peyğəmbər məscidi və Neft Daşlarındakı məscid sökülüb.

Xəbər lenti

Xəbər lenti