Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir M.Əliyev/
Azərbaycanın təhsil naziri Misir Mərdanov ali və orta ixtisas məktəblərinin rəhbərlərinə "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə qoşulmaları ilə bağlı tapşırıq verib.
Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumata görə, ali və orta ixtisas məktəbləri "Təhsil haqqında" Qanunun 14.18-ci bəndinə uyğun olaraq, ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə qoşulmalıdırlar.
Bununla əlaqədar, ali və orta ixtisas təhsili müəssisələri tələbə və magistrlər, akademik müvəffəqiyyət, ixtisas dəyişmələri, başqa təhsil müəssisəsindən köçürmələr (o cümlədən, xarici ölkələrdən), tələbələr sırasından xaricedilmələr, bərpalar və əsasnamədə göstərilən digər məlumatları həmin sistemə daxil etməlidirlər.
Bu sistemə qoşulmayan ali və orta ixtisas məktəbləri və vəzifəli şəxslər inzibati qaydada cəzalandırılacaqlar.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 348-4-cü maddəsinə əsasən, ali və orta ixtisas təhsili müəssisələri "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə qoşulmadıqları və ya məlumatları həmin sistemə vaxtında, tam və ya düzgün daxil etmədikləri halda, cərimə (vəzifəli şəxslər 200 manatdan 300 manatadək miqdarında, hüquqi şəxslər 2 500 manatdan 3 000 manatadək miqdarda) ediləcəklər.
Ali (orta ixtisas) təhsil müəssisələrində təhsil alan tələbələrin köçürmələrinin mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə nəzarəti daha da gücləndirilmək və məlumatların elektron məlumat sisteminə vaxtında mərkəzləşdirilmiş şəkildə daxil olunmasını təmin etmək məqsədilə, qeyri-dövlət və Təhsil Nazirliyinin tabeliyində olan dövlət ali (orta ixtisas) təhsil müəssisələrinə başqa müəssisələrdən və ya müəssisə daxilində bir ixtisasdan digərinə tələbələrin köçürmələri və xarici ölkə təhsil müəssisələrindən xaric olunanların bərpası Təhsil Nazirliyinin, başqa nazirlik, komitə, idarə və təşkilatların tabeliyində olan ali (orta ixtisas) təhsili müəssisələrində isə həmin qurumların razılığı əsasında həyata keçiriləcək.