Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri Xəzər sahili ərazidə bərk məişət tullantılarının qanunamüvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib.
Nazirliyin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, Sumqayıt şəhəri Sumqayıt-Novxanı dənizkənarı yolunun sağ hissəsində, S.Əliyev və Sahil küçələri ərazilərində tullantıların qalaqlanması və yandırılmasına görə Corat Bələdiyyəsi hüquqi şəxs qismində inzibati qaydada 7 000 manat məbləğində cərimə olunub.
Sumqayıt şəhəri dənizkənarı ərazidə olan iaşə obyektlərində formalaşan tullantıların müvafiq qaydada idarə olunmamasına görə Sumqayıt Şəhər Təmizlik Departamenti MMC hüquqi şəxs qismində inzibati qaydada 7 000 manat məbləğində cərimə edilib.
Sumqayıt şəhəri Xəzər sahili ərazidə bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə "Səma" iaşə obyektinin iş icraçısı N.Əsgərov, "Əl-Əmrah" iaşə obyektinin iş icraçısı A.Mikayılov, "Sahil-1" iaşə obyektinin iş icraçısı N.Əmirov, "Mirvari" iaşə obyektinin iş icraçısı K.Məmmədov, "Uğur" iaşə obyektinin iş icraçısı N.Verdiyev, "Pəribulağı" iaşə obyektinin iş icraçısı S.Səfərov, hər biri fiziki şəxs qismində, inzibati qaydada 500 manat məbləğində cərimə olunublar.
Sumqayıt şəhəri Xəzər sahili ərazidə fəaliyyət göstərən iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı Ə.Zamanov fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə edilib.