Azərbaycan, Bakı, 18 noyabr /Trend/
Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyi (QUPAİB) "Onlar bizim birimizdir" devizi altında uşaq evləri və internat məktəblərindəki uşaqlar arasında uşaq hüquqlarının təbliği və zərərli vərdişlər əleyhinə layihə həyata keçirib.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2010-cu ilin 16 sentyabr-16 noyabr tarixlərində gerçəkləşən layihənin yekunları barədə keçirdiyi mətbuat konfransında məlumat verən Birliyin sədri Kəmalə Əliyeva bildirib ki, bu gün bir sıra dövlət təlim-tərbiyə müəssisələrində valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar var və onların problemləri ilə daha çox məşğul olmaq zərurəti yaranıb.
"Azərbaycan hökuməti uşaqların, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili, sağlamlığı və digər hüquqlarının qorunması sahəsində çoxsaylı proqramlar həyata keçirib. Lakin onların problemləri ilə daha çox məşğul olmaq zərurəti var. Müxtəlif səbəblərdən dövlət himayəsində yaşayan bu uşaqların öz hüquqlarını daha dərindən öyrənmələri, dövlət və xalq üçün layiqli vətəndaş olmaları vacib amillərdən biridir. Qapalı müəssisələrdə yaşayan bu uşaqların sosial həyata adaptasiya olunması, ilk növbədə, söylədiyimiz kimi, öz hüquqlarıni bilmələrindən başlayır", - İB sədri vurğulayıb.
Əliyeva bildrib ki, layihə çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Bakıda və Goranboyda yerləşən Ailə və uşaqlara dəstək mərkəzinin uşaqları, bu uşaqların təlim-tərbiyəsi ilə məşğul olan şəxslər, eləcə də Bakı və regionlarda yerləşən internat məktəbləri və uşaq evlərində olan uşaqlarla uşaq hüquqları, zərərli vərdişlər (narkomaniya, siqaret çəkmək, spirtli içkilərin qəbulu və s.), təhsil, mədəniyyət, inteqrasiya və s. mövzular üzrə iş aparılıb, seminar və görüşlər keçirilib.
Maarifləndirmə işini daha da gücləndirmək üçün uşaq hüquqları və zərəli vərdişlərlə bağlı maarifləndirici çap materialları hazırlanaraq paylanılıb.