Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın xalq artistinə xəsarət yetirməkdə təqsirləndirilən şəxsin azad olunması barədə məhkəmə qərarı ləğv olunub.
Nəsimi rayon prokurorunun köməkçisi Günay Səlimzadə cümə axşamı Trend-ə bildirib ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Seymur Məmmədov barəsində 2 ay müddətinə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə qərardan prokurorluğun verdiyi protest təmin olunub.
Məhkəmənin qərarı ilə Nəsimi rayon məhkəməsinin Məmmədov barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə qərarı ləğv olunub.
Sentyabrın 27-də səhər saatlarında, Bakının Nəsimi rayonu ərazisində, keçmiş "Kubinka" adlanan yerdə xalq artisti Faiq Ağayevin özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı "Audi" markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən "VAZ-2107" markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Hadisəyə yol hərəkəti iştirakçıları arasında yaranan mübahisə səbəb olub. Mübahisə sonradan münaqişəyə çevrilib. Nəticədə Ağayev və onun yanında olan iki nəfər çoxsaylı bıçaq xəsarətləri alıb.
Nəsimi rayon məhkəməsinin qərarı ilə Rüfət Məlikov barəsində 3 aylıq, Seymur Məmmədov barəsində isə 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Bir neçə gün öncə Nəsimi rayon məhkəməsi Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbirin seçilməsi barədə qərar çıxarmışdı.
Məmmədov barəsindəki həbs qətimkan tədbirinin müddəti daha 1 ay uzadılıb.
Məlikov Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərərvurma), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), Məmmədov isə 221.2.1-ci (bir qrup şəxs və ya təkrar tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
Hadisənin digər iştirakçısı olmuş Natəvan Şərifova CM-nin 221.3-cü maddəsi ilə ittiham olunaraq, himayəsində azyaşlı uşağı olduğu üçün barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.