Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycan Təhsil Nazirliyinin "qaynar xətt"inə daxil olan müracitlərdən çoxu fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universiteti (ABU) ilə əlaqədar olub. Bu barədə nazirliyin çərşənbə günü yayılan məlumatında deyilir. Belə müraciətlərin payı 10 faizə çatır.
Nazirliyin məlumatına görə, bütün müraciətlər nazirliyin mərkəzi və yerli struktur bölmələri tərəfindən araşdırılıb.
Sentyabrın 1-də Azərbaycanın təhsil naziri ABU-nun fəaliyyətinə görə verilən lisenziyanın vaxtının uzadılmasından imtina edilməsinə dair əmr imzalayıb. Universitetə TQDK-nın test imtahanlarından kənar qəbul edilən tələbələrdən ibarət qrup Təhsil Nazirliyinə öz hüquqlarının bərpasına görə müraciət edib. Onların bir qismi təhsilə görə ödədikləri pulun qaytarılmasını, digər qismi isə ölkənin digər ali məktəblərinə köçürülmələrini tələb edirlər.
Bundan başqa, "qaynar xətt"ə Abşeron rayonunda məcburi qaydada məktəbli formasının satışının təşkil edilməsi ilə bağlı çoxlu şikayət daxil olub.
"Qaynar xətt" xidmətinə daxil olan müraciətlər əsasında işində nöqsan olanlara cəzalar tətbiq olunub", - Təhsil Nazirliyinin məlumatında deyilir.
"Oktyabr-noyabrda daxil olan müraciətlərdən 1535-i telefonla, 319-u isə elektron poçt vasitəsi ilə qəbul edilib", - məlumatda deyilir.