...

Azərbaycanda bələdiyyələrin fəaliyyətində rast gəlinən qanun pozuntuları bələdiyyənin mülkiyyətindən istifadə ilə bağlıdır - Ədliyyə Nazirliyi

Cəmiyyət Materials 15 Dekabr 2010 10:00 (UTC +04:00)
Bunu çərşənbə axşamı Trend-ə müsahibəsində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə deyib.
Azərbaycanda bələdiyyələrin fəaliyyətində rast gəlinən qanun pozuntuları bələdiyyənin mülkiyyətindən istifadə ilə bağlıdır - Ədliyyə Nazirliyi

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bələdiyyələrin fəaliyyətində rast gəlinən ciddi qanun pozuntuları bələdiyyənin mülkiyyətindən, əmlakından, maliyyə vəsaitlərindən istifadə ilə bağlıdır. Bunu çərşənbə axşamı Trend-ə müsahibəsində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə deyib.

"Bələdiyyə əmlakının qanunsuz istifadə olunması, qanunsuz alqı-satqısının həyata keçirilməsi, mülkiyyətin alqı-satqı prosesində onun düzgün qiymətləndirilməməsi nəticəsində bələdiyyə büdcəsinə ziyan vurulması faktları mövcuddur. Həmçinin, bələdiyyənin büdcəsində olan maliyyə vəsaitinin düzgün xərclənməməsi və qanunsuz xərclənməsi, bələdiyyə əmlakının onun sədri tərəfindən təkbaşına qərar verməklə xərclənməsi faktlarının mövcudluğu narahatlıq doğurur. Bələdiyyə kollegial orqan olduğu üçün onun əmlakının idarə olunması, büdcəsinin istifadəsi üzvlərinin sadə və 2/3 səs çoxluğu ilə qəbul edilən qərarlar əsasında həyata keçirilməlidir. Təəssüf ki, bəzi bələdiyyə sədrləri var ki, onlar qanunun bu tələbinə əməl etməyiblər və onların bu hərəkətlərinə hüquqi qiymət verilməsi üçün tərəfimizdən müvafiq tədbirlər görülüb", - Səlimzadə bildirib.

Mərkəz rəhbəri deyib ki, bələdiyyələrin fəaliyyətində yol verilən ciddi hüquq pozuntularının sayı əvvəlki illərlə müqayisədə azalmayıb.

Səlimzadə pozuntuların konkret sayını açıqlamasa da, bu göstəricilərin ötənilki sayla eyni olduğunu, bəzi göstəricilər üzrə isə artıq olduğunu deyib.

"Təəssüflər ki, bü gün ciddi qanun pozuntularına yol verən bələdiyyələr kifayət qədərdir. Hesab edirdik ki, bələdiyyələrlə aparılan maarifləndirmə işləri, qanun pozuntularına yol verən bələdiyyə üzvləri barəsində görülən inzibati hüquqi tədbirlər nəticəsində hüquq pozuntularının sayı azalacaq. Lakin təəssüflər olsun ki, belə bir nəticəyə nail olmuruq. Ötən ildə belə pozuntuların sayı nə qədər idisə, bu il də təxminən o qədərdir. Bu il də cinayət məsuliyyətinə cəlb edilən bələdiyyə sədrləri, üzvləri var", - Səlimzadə vurğulayıb.

Mərkəzin rəhbəri bunun səbəbini bələdiyyələrin təcrübəsizliyi və bələdiyyə sədrlərinin işinə ciddi yanaşmaması, məsuliyyətinin az olması ilə əlaqələndirir.

Səlimzadə fəaliyyətində ciddi nöqsanlara yol verən bələdiyyələrlə yanaşı, nümunəvi fəaliyyət göstərən bələdiyyələrin də olduğunu deyib.

Onun sözlərinə görə, səlahiyyətlərinə uyğun olaraq fəaliyyət göstərən, vəzifələrini layiqincə yerinə yetirən, ölkənin sosial-iqtisadi inkişafı prosesində, dövlətin qəbul etdiyi müvafiq proqramların həyat keçirilməsində, abadlıq işlərinin görülməsində yaxından iştirak edən bələdiyyələr də var.

"Layiqincə işləyən bələdiyyələrin bu prosesdə iştirakı, uğurlu nəticənin əldə olunması bu inkişafın bütün bələdiyyələrdə də baş verəcəyini, yol verilən nöqsanların aradan qaldırılacağını deməyə əsas verir, - Səlimzadə bildirib.

Mərkəz rəhbəri deyib ki, aparılan işlər nəticəsində gələcəkdə bu pozuntuların qarşısı alınacaq, demokratik ənənələrinə uyğun olan idarəetmə sisteminin qurulmasına nail olunacaq.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək edir, onlara metodoloji hüquqi yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir.

Xəbər lenti

Xəbər lenti