Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan ombudsmanı Daxili İşlər Nazirliyi və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə müraciət edərək polis əməkdaşları tərəfindən vətəndaşın döyülməsi faktının araşdırılmasını xahiş edib.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini Səxavət Əliyev ombudsman Elmira Süleymanovaya şikayət ərizəsi ilə müraciət edərək, polis orqanları tərəfindən yaxın qohumlarının zorakılığa məruz qaldığını, qardaşı Sabit Əliyevin Şərur rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən heç bir səbəb və məhkəmə qərarı olmadan noyabrın 14-də tutularaq 7 gün saxlanıldığını bildirib.
Şikayətçinin ərizəsində dekabrın 10-da Şərur rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxın qohumlarının döyüldüyü, həmçinin onlara məxsus mağazanın və evin bir hissəsinin traktorla uçurdulduğu qeyd olunub.
Əliyevin müraciətində dekabrın 10-da xəsarət almış qohumlarının lazımi tibbi yardım almaları ilə bağlı kənddən kənara çıxmalarına polis əməkdaşlarının imkan vermədiyi bildirilib.
Ərizəçi qeyd edilən halların araşdırılmasında və təqsirkar şəxslərin cəzalandırılmasında müvafiq kömək göstərilməsini ombudsmandan xahiş edib.
Ombudsman isə Daxili İşlər Nazirliyinə müraciətində şikayət ərizəsində əks etdirilmiş halların araşdırılması, göstərilən hallar təsdiq edilərsə, təqsirkar şəxslər barəsində müvafiq tədbirlər görülməsi, xəsarət almış şəxslərə təcili tibb yardım göstərilməsi üçün kömək etməyi və görülmüş tədbirlər barədə məlumat verməyi xahiş edib.