...

Azərbaycanın Kür və Araz çaylarında su sərfi artır

Cəmiyyət Materials 16 Fevral 2011 11:08 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz çaylarında apardığı monitorinqin nəticələrini açıqlayıb.
Azərbaycanın Kür və Araz çaylarında su sərfi artır

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir M.Əliyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür Araz çaylarında apardığı monitorinqin nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə fevral ayının I ongünlüyü üçün növbəti monitorinqi həyata keçirib.

Fevral ayının I ongünlüyündə Kür çayında su sərfi yanvarın III ongünlüyünə nisbətən saniyədə 14 kubmetr artaraq 152 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 2, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.

Aparılan monitorinqin nəticələrinə görə, Ermənistanla transsərhəd olan Araz çayında suyun sərfi saniyədə 24,8 kubmetr artaraq 92,3 kubmetr olub.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,93-6,93mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Xəbər lenti

Xəbər lenti